Lexus şirkətinin amerikan ofisi yeni IS modelinin tizerini dərc edərək onun debüt tarixini açıqlayıb. Yeni Lexus IS modelini iyun ayının 10-da Bakı vaxtı ilə gecə saat üçdə təqdim edəcəklər. Avtomobil haqqında başqa məlumat verilməyib.

Tizerdəki avtomobilin ox ucluğu formasında tərtibatı olan arxa fənərlərlə sahib olacağı görünür. Son tendensiyalara uyğun olaraq fənərlər işıqlanan zolaqla birləşdirilib.

"MotorTrend" nəşrinin bildiridiyinə görə, 2021-ci model ilinin Lexus IS sedanı daha müasir TNGA arxitekturasına deyil, hazırda modelin inşa edildiyi platformaya əsaslanacaqdır. Buna baxmayaraq, Lexus şirkətinin mühəndisləri avtomobilin konstruksiyasında ciddi dəyişikliklər ediblər ki, buna şassi və asqı sistemi də daxildir. Eyni zamanda, yeni IS sedanı Toyota şirkətinin Şimoyamadakı yeni Elmi-Tədqiqat Mərkəzində yaradılan ilk Lexus avtomobili olacaqdır. Xatırladaq ki, bu mərkəz Nürburqrinqdəki Şimal İlgəyinin 5,3 kilometrlik miniatür versiyasıdır.

Yeni Lexus IS modelinin mühərrik çeşidinə gəldikdə isə, sedan üçün baza mühərriki 244 at qüvvəsi və 349 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin mühərriki olacaqdır. Bundan başqa, sedanın mühərrik çeşirinə 264 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən edən 3,5-litrlik V6 mühərriki və bu mühərrikin 315 at qüvvəsi və 375 Nm fırlanma anı hasil edən versiyası da daxil ediləcəkdir.

"MotorTrend" nəşri hər üç mühərrikin alternativsiz olaraq 8-pilləli avtomatik transmissiya ilə təchiz ediləcəyini bildirib.