Bu yaxınlarda yeni avtomobillərin ovuna çıxmış fotocəsuslar Jaguar Land Rover aylansınn Geydondakı mühəndislik mərkəzinin yaxınlığında növbəti nəsil Land Rover Defender modelinin prototipini yaxalayıblar. Prototipin üzərində həkk edilmiş #BEST4X4XFAR (bütün zamanların ən yaxşı 4x4) yazısı şirkətin bu avtomobili qəsdən yaxalatdığından xəbər verir.

“Autocar” dərgisinə müsahibə verən JLR alyansının marketinq xidmətinin rəhbəri Feliks Brotihem şəkildəki avtomobilin inşa edilmiş dörd prototipdən biri olduğunu bildirib. Bu prototiplər kuzovun və aqreqatların final konfiqurasiyasına malikdirlər.  Sonradan prototiplərin sayı artırılacaqdır – qarşıda onları müxtəlif iqlim zonalarında keçiriləcək uzunmüddətli sınaqlar gözləyir.

Artıq, yeni Land Rover Defender modelinin kuzovunun bu şəkillərdəki kimi olacağı dəqiqdir. Avtomobil 2016-cı ildə istehsalına son verilmiş klassik Defender ilə heç bir ümumi cəhətə malik olmayacaqdır. Ailə cizgilərinə gəldikdə isə, yeni model də sələfi kimi taybatay açılan baqaj qapısına sahib ola bilər. Sələfinə oxşarlığı kamuflyajın altında gizlədilmiş arxa fənərlərin və radiator barmaqlığının hesabına da təmin etmək mümkündür.

Texniki cəhətdən yeni Defender cari Land Rover Discovery ofrouderi ilə bənzər olacaqdır. Bütöv körpülər keçmişdə qalacaqdır. Cəsus fotoşəkillərinə diqqət yetirsəniz arxa müstəqil asqını görmüş olarsınız. Şirkətdən yeni ofrouderin yolsuzluq qabiliyyətini itirməyəcəyini də bildiriblər. Britaniyalı jurnalistlər prototipin nömrəsində istifadə edərək onun 2,0-litrlik dizel mühərriki ilə təchiz edildiyini müəyyən ediblər. Lakin, benzin və hibrid güc aqreqatlarının da avtomobilin mühərrik çeşidinə daxil ediləcəyi şübhəsizdir.

Məlum məsələdir ki, yeni Defender sələfindən daha zəngin və bahalı olacaqdır. Bununla belə, ofrouderin Afrika və Cənubi Amerika bazarına ünvanlanmış utilitar modifikasiyalarının olacağı da istisna edilmir.  Ümumiyyətlə, Defender ailəsi geniş olacaqdır:  beşqapılı variantla yanaşı qısabazalı versiyanın, furqonun, həmçinin uzun və qısa bazalı pikapın da olacağı güman edilir. Yeni Land Rover Defender modelinin satışlarına 2020-ci ildə başlanacaqdır. Avtomobil gələn ilin ikinci hissəsində debüt etməlidir.