Maserati şirkətinin yaratdığı yeni 3,0-litrlik biturbo mühərrik MC20 superkarında debüt edəcəkdir. Şirkətdən mühərrikin 550 at qüvvəsinə sahib olduğu bildirilib.

Bildiyiniz kimi, Maserati şirkəti Ferrari mühərriklərinin istifadəsindən imtina edib və özünün hazırladığı mühərriklərə keçməyə qərar verib. Automotive News Europe nəşri yeni Maserati superkarında tətbiq ediləcək mühərrikin hasilatı barədə məlumat əldə edib: ortamühərrikli MC20 modeli, 550 at qüvvəsi hasil edən 3,0-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Maserati Levante GTS krossoverində quraşdırılmış 3,8-litrlik səkkizsilindrli Ferrari mühərriki eyni gücə malikdir.

Yeni mühərrik markanın daha üç modelində - GranTurismo kupesi və yeni nəsil GranCabrio, eyni zamanda Levante'dən bir pillə aşağıda yerləşəcək yeni krossoverdə quraşdırılacaqdır.

Krossover üçün yeni biturbomotorun gücünün 20 at qüvvəsi qədər azaldılacağı gözlənilir. Yeni V6 mühərrikin istənilən halda hibrid sistem alacağı ehtimal olunur. Üstəlik, elektrikləşmə bir neçə səviyyədə olacaqdır: adi startyor-generatorundan başlamış qoşulan hibridə qədər. Bundan əlavə, mühərrik hava-yanacaq qarışığının yanma səmərəliliyini artıran və zərərli tullantıların miqdarını azaldan turbulent reaktiv alovlanma sistemini ala bilər.