İlkin olaraq, SL abbreviaturası Super Leicht, yəni "superyüngül" sözlərindən əmələ gəlmişdi və ilk Mercedes-Benz 300SL modelinin xarakteri yarış meydançalarında bərkimişdi. Lakin 60 ildən çox təkamül dövründə SL öz köklərindən uzaqlaşaraq rahat “qran turizmoya” çevrildi.

Bununla belə, Daimler AG konserni qismən də olsa, əvvəlki ideologiyaya qayıtmağa qərar verib. Bunun üçün, hətta, SL ailəsinin tarixində fasilə də baş verib - R231 seriyasından olan əvvəlki modelinin istehsalı 2020-ci ilin yayında dayandırılıb. İndi isə, R232 kodunu daşıyan yeni avtomobil təqdim olunub.

Yeni modelin yaradılması AMG bölməsinə həvalə olunmuşdu, buna görə də, yeni SL modelinin bütün versiyaları ikiqat Mercedes-AMG brendini daşıyacaqlar. Yeni avtomobilin sıfırdan yaradıldığı və onun nə əvvəlki model, nə də AMG GT superkarı (istehsalı tezliklə başa çatacaqdır) ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

Başlanğıca qayıtmağın əsas nəticəsi budur: birinci nəsil 300SL modelində olduğu kimi, yeni avtomobilin kuzovu ona bərkidilmiş kuzov panelləri olan məkanvari çərçivədən ibarətdir. Doğrudur, zamanın ruhuna uyğun olaraq, çərçivə poladdan deyil, alüminiumdan hazırlanır.

Yeni SL modeli sələfindən daha yığcam görünür, lakin bu vizual illüziya və uğurlu dizayner işinin nəticəsidir. Əslində, avtomobil daha da böyük olub: onun uzunluğu 4640-dan 4704 millimetrə, təkər bazası isə 2585-dən 2700 millimetrə qədər artıb.

Alüminiumdan əlavə, kuzovun konstruksiyasında polad və kompozit materiallardan geniş istifadə olunub, bütövlükdə onun çəkisi cəmi 270 kiloqram təşkil edir. Kuzovun burulmaya qarşı sərtliyi isə, əvvəlki modellə müqayisədə 18% artırılıb.

Mühəndislər qatlanan sərt damdan imtina edərək, yumşaq tavanı seçiblər. Sonuncu dəfə belə həlldən R129 nəslindən (1989-2001) olan modeldə istifadə edilmişdi, lakin yumşaq dam əvvəlki sərt variantdan 21 kiloqram daha yüngüldür və ağırlıq mərkəzini aşağı salmağa imkan verib ki, bu da bir sportkar üçün daha yaxşıdır. Dam, 60 km/saat sürəti ilə hərəkət zamanı 15 saniyəyə qaldırıla və ya qatlana bilər.

Aerodinamikaya xüsusi diqqət yetirilib. Cd əmsalı o qədər də möhtəşəm deyil (0.31), lakin əsas üstünlük qaldırma və yerəbasma qüvvəsinin tənizmlənmiş balansına verilib. Məsələn, AMG mühəndisləri ön bamperin altında 80 km/saat sürətində 40 millimetr aşağıya doğru hərəkət edən və gövdənin altında hava burulğanın yaranmasına səbəb olan karbon “dodağı” quraşdırıblar: burulğanlar ön oxa təsir edən qaldırma qüvvəsini azaldır və avtomobili yola doğru “çəkir”. Arxa tərəfdəki spoyler də 80 km/saat sürətində qalxır və beş mövqeyə malikdir.

Radiatorların qarşısında mürəkkəb Airpanel jalüzlər sistemi quraşdırılıb. Onun aşağı hissəsində (bamperin arxasında) şaquli çəpərciklər, yuxarı hissəsində (əsas barmaqlığın arxasında) isə, üfüqi bölmələr var. Standart olaraq, bütün jalüzlər bağlıdır, lazım olduqda, aşağı bölmə elektronika tərəfindən açılır. Yuxarıdakı pərdələrin açılması üçün isə, sürətin 180 km/saatdan çox olması gərəkdir. Birbaşa yol səthində ismarıclar "çəkə" bilən Digital Light " matrisa fənərləri standart avadanlıqdırlar.

İyirmi il və iki nəsildən sonra, SL yenidən nominal olsa da, boyu 1,5 metrdən çox olmayan sərnişinlər üçün nəzərdə tutulmuş ikinci oturacaqlar cərgəsini əldə edib. Şaquli kürək hissəsinin, qısa yastıqların və ayaqlar üçün məkanın olmadığını nəzərə alsaq, arxa cərgədən yalnız əlavə baqaj yeri kimi istifadə etmək olar. Beləliklə, indi formal olaraq SL modeli rodster deyil, 2+2 oturcaq quruluşuna malik olan kabrioletdir.

Şirkət nümayəndələri SL modelinin interyerini hiperanaloji adlandırırlar: yəni, burada rəqəmsal texnologiyaların və analoq cazibədarlığının vəhdəti mövcuddur. Sonuncunun əlamətləri turbin-deflektorlar və əvvəlki kimi “quyuya batırılmış” 12,3-düymlük virtual cihazlar panelidir. Bu, qismən məcburi qərardır, çünki günəşli havada açıq kuzovla hərəkət edərkən, günlüyü olmayan ekran amansızcasına bərq vuracaqdır.

MBUX media sisteminin monitorunda parıltını azaltmaq üçün isə, başqa bir həll icad edilib. Dam qatladıqdan sonra, ayrıca elektrik ötürməsi avtomatik olaraq ekranın bucağını dəyişir və onu daha şaquli vəziyyətə gətirir. Sensorlu ekranın diaqonalı 11,9 düymdür, o bir neçə rejimə və göstərmə üslubuna, həmçinin menyunun xüsusi AMG bölmələrinə malikdir. Mercedes-AMG SL kabrioletinin avadanlıq siyahısına proyeksiya displeyi, Burmester  səssistemi, kontur işıqlandırması (64 rəng) və sərnişinlərin boyun hissəsinə isti hava verən “hava yaylığı” olan ön oturacaqlar daxil edilib.

Artıq, SL modelinin çeşidində dördsilindrli turbomühərriklə hərəkətə gələn sadə versiyaların, eləcə də AMG E Performance güc qurğusu ilə təchiz edilmiş hibridlər olacağı məlumdur. Lakin onlar sonradan peyda olacaqlar. Hələlik isə, V8 mühərriki ilə təchiz edilmiş iki modifikasiya təqdim olunub. Bu, artıq digər Mercedes modellərindən yaxşı tanış olan 4,0-litrlik biturbo aqreqatıdır.

Lakin SL modelindəki mühərrklər üçün yeni interkulerləri hazırlayıblar, əlavə olaraq altlığı və karterin havalandırılması sistemini dəyişiblər. Mercedes-AMG SL 55 modeli 476 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən mühərrik ilə təchiz edilir."Böyük" Mercedes-AMG SL 63 modeli isə, 585 at qüvvəsi və 800 Nm fırlanma anına malik olan mühərriklə hərəkətə gəlir. Əslində, bu versiyalar yalnız proqram təminatı və üfürmənin maksimal təzyiqi ilə fərqlənirlər.

Doqquz pilləli AMG Speedshift MCT 9G  ötürmələr qutusu hidrotransformatorun əvəzinə yaş muftaya malik olan klassik planetar avtomatik transmissiyadır. Amma ən əsası odur ki, SL modeli tarixində ilk dəfə olaraq tam ötürmə ilə təklif edilir: hər iki versiyada ön oxu qoşan çoxdiskli muftası olan 4Matic + tam ötürmə sistemi quraşdırılır. Elektron idarə olunan arxa təkərlərarası differensial kilidi SL 55 versiyasında opsiyadır, SL 63 versiyasında isə standartdır.

Şassi tamamilə yenidir - şirkət bu sxemi beşqollu adlandırsa da, ön və arxada qoşa köndələr qollar quraşdırılır. Mercedes-AMG SL 55 modeli adaptiv amortizatorları və adi stabilizatorları olan yaylı asqıya malikdir. Mercedes-AMG SL 63 modelində isə, AMG Active Ride Control şassisi var: burada stabilizatorların əvəzinə, sol və sağ tərəflərin dayaqlarını birləşdirən hidravlik sistem quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üstəlik, yeni Mercedes-AMG SL də tam idarəolunandır,  özü də standart olaraq! Elektrik aktuatorlar arxa təkərləri kiçik bucaq altında döndərə bilirlər: onlar 100 km/saata qədər sürətlərdə manevr qabiliyyətini yaxşılaşdırmaq üçün ön təkərlərlə əks istiqamətə, 100 km/saatdan sonra sabitliyi artirmaq üçün eyni istiqamətə dönürlər. Standart əyləclər ön tərəfdə altıporşenli, arxada isə birporşenli mexanizmlərə və tərkibli disklərə malikdirlər. Əlavə ödəniş qarşılığında karbon-keramika əyləcləri təklif olunur.

İroniya ondadır ki, idman köklərinə qayıtmasına baxmayaraq, yeni SL modeli heç də "superyüngül" olmayıb. Əsas versiyanın boş çəkisi 1875 kiloqramdır (sürücüsüz)! Bu, əvvəlki arxa ötürməli SL 500 rodsterində olduğundan 155 kiloqram çoxdur. Bununla belə, avtomobilin dinamikası istənilən halda heyranedicidir: yeni SL 55 modeli 100 km/saata 3,9 saniyəyə, SL 63 isə 3,6 saniyəyə sürətlənir. Maksimal sürət, müvafiq olaraq, 295 və 315 km/saatdır.

Bəs bütün bu möhtəşəmlik neçəyə başa gələcəkdir? Rəsmi qiymətlər hələlik açıqlanmayıb, lakin alman mətbuatı Mercedes-AMG SL 55 modelinin qiymətinin ən azı 140 min avro olacağını ehtimal edir. Kabrioletlər 1989-cu ildən SL modellərinin yığıldığı Bremendəki zavodda istehsal olunacaqlar. Yeni Mercedes-AMG SL modellərinin satışlarına 2022-ci ilin əvvəlində başlanılmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.