Bu gün DTM çempionatının yeni mövsümünə start verilib. Ənənəvi olaraq çempionatın ilk mərhələsi Hokkenhaymrinqdə keçirilir. Bü gün Aston Martin, Audi və BMW komandalarının pilotları yeni dördsilindrli turbomühərriklərlə təchiz edilmiş avtomobilləri ilə sərbəst yürüşlərdə iştirak ediblər.

Birinci sərbəst yürüşlərin ən yeyin pilotu Audi komandasının isveçrəli pilotu Niko Müller olub. Sərbəst yürüşlərin ikinci yarısında Hokkenhaymrinqdəki dövrəni 1.30, 476 zamanla başa vuran Müllerin zamanını üstələyən olmayıb. İkinci nəticəni yenə də Audi komandasının nümayəndəsi almaniyalı Rene Rast qeydə alıb. O, komanda yoldaşından 0,361 saniyə yavaş olub.

Sonrakı iki yeri də İnqolştadt təmsilçiləri tutub – Robin Freyns üçüncü, özəl WRT komandasının debütant pilotu Conatan Aberdin isə dördüncü olub. Qeyd etmək lazımdır ki, Aberdin sərbəst yürüşlərin ilk yarısında protokola başçılıq edib. İlk beşliyi BMW komandasının alman pilotu dünya çempionu Marko Vittmann tamamlayıb. Münhen təmsilçisi liderdən 0,692 saniyə geridə qalıb.

İlk onluğu tamamlayan pilotlar Mayk Rokkenfeller, Loik Dyüval, Ceymi Qrin (hər üçü - Audi), Timo Qlok və Filipp Enq (hər ikisi – BMW) olub. Aston Martin pilotları arasında ən yaxşı nəticəni Daniel Xunkadelya göstərib. İspan pilot 14-cü olub. Onun komanda yoldaşları Ceyk Dennis, Pol di Resta və Ferdinand fon Habsburq günün protokolunda son üç yeri tutublar.

Bu gün ikinci sərbəst yürüşlər, sabah isə birinci yarışın təsnifat mərhələsi və mövsümün ilk yarışı keçiriləcəkdir.