Mercedes-Benz şirkəti yeni GLC modelinin ilk şəklini dərc edərək, onun təqdimat tarixini açılqlayıb – 1 iyun. Artıq növbəti nəsil GLC krossoverinin yeni nəsil Mercedes-Benz C-Class modelində olduğu kimi rəqəmsal kokpiti, təkrar doldurulan hibrid versiyanı, 48 voltluq starter-generatoru olan benzin və dizel mühərriklərini, habelə tam idarələnən şassini alacağı məlumdur.

Mercedes-Benz şirkəti təfərrüatları açıqlamağa tələsmir, lakin müəyyən detallar artıq məlumdurlar. Birincisi, krossoverin ikinci nəsli MBUX kompleksinin ən son versiyası olan tam rəqəmsal kokpiti əldə edəcəkdir. İkincisi, yolsuzluq üçün bir neçə hərəkət rejimi olacaqdır. Üçüncüsü, GLC daxili yanma mühərrikini işə salmadan 100 kilometrdən çox məsafə qət etməyə imkan verən plagin hibrid (PHEV) güc qurğusu ilə təklif ediləcəkdir.

Ümumiyyətlə, yeni krossoverin mühərrik çeşidinin C-Class modelindəkinə bənzər olması ehtimalı çox yüksəkdir. GLC həmçinin 48-voltluq EQ Boost starter-generatoru olan yeni M 254 dördsilindrli benzin mühərrikini əldə edəcəkdir. Bu aqreqat əyləcləmə enerjisini rekuperasiya edə və gillətmə ilə gedərkən sönə bilir, habelə işlənmiş qazların neytrallaşdırılması sistemi və ikiaxınlı twin-scroll üfürmə texnologiyasını inkişaf etdirən yeni seqmental turbokompressor ilə təchiz edilir.

OM 654 M dizel mühərrikləri indi dəyişən həndəsəli iki turbokompressor, 2700 bar təzyiqli püskürtmə (əvvəl - 2500) və natriumla doldurulmuş soyutma kanalı olan polad porşenlər ilə təchiz edilir. Bu qurğularda işlənmiş qazların təmizlənməsinə bütöv komponentlər dəsti cavabdehdir: azot oksidi toplayıcısı, DPF his filtri və AdBlue maye çilənməsi olan iki selektiv SCR katalizatoru. “Bərkgedən” GLC 43 modeli, böyük ehtimalla, V6 mühərrikini SL 43 rodsterindən tanış olan 2,0-litrlik turbomühərriklə əvəz edəcəkdir.

Yeni Mercedes-Benz GLC modeli doqquz pilləli 9G-Tronic “avtomatı” və 4Matic tam ötürmə sistemini qoruyub saxlayacaqdır. Yeni C-Class modelində artıq onun yeni paylayıcı qutusu, qapalı yağ dövrəsi və daha çox fırlanma anını həzm edən yeni ön reduktoru olan növbəti versiyasından istifadə olunur. Baza şassisi, çox güman ki, passiv asqıya malik olacaqdır. Elektron idarəolunan amortizatorları və  pnevmodayaqları olan variantlar əlavə ödəniş müqabilində təklif ediləcəklər. Tam idarələnən şassi də opsional avadanlıq siyahısına daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.