Dördüncü nəsil Nissan X-Trail krossoveri artıq Avropada da satılmağa başlayıb. Əslində, bu krossover iki il əvvəl Amerika Birləşmiş Ştatlarında Nissan Rogue adı ilə debüt edib. Daha sonra isə, krossoverin Çin və Yaponiya üçün versiyaları təqdim olunub və yalnız indi X-Trail Avropada peyda olub.

Qeyd etmək lazımdır ki, avtomobilin dizaynı bütün bazarlar üçün eynidir (fərqlər xırda dekor səviyyəsindədir), salonda isə, demək olar ki, yüz faizlik unifikasiya var. Ancaq daha maraqlı olan mühərrik çeşidinin formalaşdırılmasıdır.

Xatırladaq ki, “dördüncü” X-Trail sələfi kimi CMF-C/D platformasında inşa edilib: hətta təkər bazası da (2705 millimetr) dəyişməyib. Krossoverin uzunluğu 21 millimetr (4660 millimetr), eni isə 20 millimetr (1840 millimetr) artıb.

Krossoveri 18 və ya 19 düymlük təkər diskləri ilə sifariş etmək olar. Üstəlik, Yaponiyada olduğu kimi, Avropada da yeddi nəfərlik X-Trail modeli təklif olunacaqdır: opsional üçüncü cərgənin oturacaqları boyu 160 santimetrə qədər olan sərnişinlər üçün nəzərdə tutulub.

Son iki ildə Nissan X-Trail modeli Avropada yalnız 158 at qüvvəli 1,3-litrlik benzin “turbodördlüyü” və ön ötürmə ilə təklif edilirdi. Dizel versiyaları hələ  2020-ci ildə, daha böyük həcmli benzin mühərrikləri isə, ondan da əvvəl mühərrik çeşidindən çıxarılmışdılar. Yeni Nissan X-Trail krossoveri isə, avropalı alıcılara yalnız üçsilindrli aqreqatlarla təklif olunur.

Baza versiyasında 8:1 ilə 14:1 arasında dəyişə bilən dəyişən sıxılma nisbətinə malik olan 1,5-litrlik VC-Turbo mühərriki quraşdırılır. Güc qurğunun hasilatı 163 at qüvvəsi və 305 Nm fırlanma anıdır, üstəlik 12 voltluq startyor-generator da var ki, bu da rəsmi olaraq, belə X-Trail modelini  “yumşaq” hibrid adlandırmağa imkan verir. Belə krossoverlər Xtronic variatoruna və ön ötürməyə malikdirlər. “Yumşaq” hibrid 100 km/saat həddini 9,6 saniyəyə toplayır və maksimal 200 km/saat həddinə qədər sürətlənir.

Lakin Avropada əsas üstünlük Nissan X-Trail e-Power versiyasına verilir. Bu, generator rolunu oynayan eyni 1,5-litrlik VC-Turbo mühərriki ilə təchiz edilmiş ardıcıl hibriddir. Benzin mühərriki elektronika tərəfindən idarə olunur, buna görə də, ən optimal rejimlərdə işləyərək dartma batareyasını doldurur. X-Trail Avropa bazarında belə güc qurğusu olan ikinci Nissan modelidir: ilk belə model bu ilin yazında debüt etmiş Qashqai modeli olub.

Nissan X-Trail e-Power modelinin başlanğıc versiyası ön ötürməyə və 204 at qüvvəli (330 Nm) hasil edən elektrik mühərrikinə malikdir. Güc qurğusu təkərləri bir pilləli reduktor vasitəsilə hərəkətə gətirir. Burada ötürmələr qutusu yoxdur, lakin qaz pedalı “elektromobil” reaksiyasına və “bir pedalla” idarəetmə rejimi (e-Pedal) malikdir. 

Əlavə ödəniş qarşılığında e-4orce tam ötürmə sistemini (Nissan Ariya elektromobilindəki kimi) də sifariş etmək olar. Bu halda arxa oxu 128 at qüvvəsi və 195 Nm fırlanma anı hasil edən əlavə elektrik mühərriki hərəkətə gətirəcəkdir. Bununla belə, sistemin pik gücü cəmi 213 at qüvvəsidir: elektronika iki elektrik mühərrikinin hasilatını rəvan şəkildə dəyişərək, ümumi hasilatın müəyyən edilmiş həddinin aşılmasına imkan vermir.

Ön ötürməli hibrid 100 km/saat həddini 8,0 saniyəyə, tam ötürməli isə, 7,0 - 7,2 saniyəyə (salondakı oturacaqların sayından asılı olaraq) toplaya bilir. Lakin maksimal sürət məhdudlaşdırılıb: müvafiq olaraq 170 və 180 km/saat. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Orta yanacaq sərfiyyatı baza hibridində 100 kilometrə 5,8 litr, tam ötürməli yeddi nəfərlik versiyada isə, 6,4 litrdir. Xatırladaq ki, sırf benzin mühərrikli X-Trail modeli WLTC dövrünə əsasən 100 kilometrə minimum 7,1 litr sərf edir.

Nəsil dəyişikliyi avtomobilin qiymətini nəzərəçarpacaq dərəcədə artırıb. Əgər Almaniyada əvvəlki X-Trail modelinin qiyməti 29 100 avrodan başlayırdısa, yeni model üçün artıq minimum 35 500 avro tələb olunur. Hibrid versiya üçün isə, ən azı 37 min avro ödəmək lazımdır. Avtomobillər Avropaya Yaponiyadan gətiriləcəkdir və krossoverlərin ilk partiyası artıq yoldadır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.