Yeni Toyota Sequoia ofrouderi yanacaq qənaətciilliyi ilə hər kəsi təəccübləndirib. Toyota şirkətinin Amerika ofisi arxaötürməli ofrouderin qarışıq rejimdə 100 kilometrə cəmi 10,7 litr yanacaq sərf etdiyini açıqlayıb. Əvvəlki ofrouder yenisindən 1,5 dəfə “iştahlı” olub - 2007-ci model ilin arxaötürməli Sequoia modeli 100 kilometrə 15,7 litr sərf edirdi.

Belə qənaətcilliyin sirri çox sadədir - yeni nəsil Toyota Sequoia modeli V8 atmosfer mühərrikindən məhrum edilib və yalnız hibrid güc qurğusu ilə təklif olunur. Xatırladaq ki, yeni ofrouder 443 at qüvvəsi və 790 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 türbomühərriki və elektrik mühərriki quraşdırılmış 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Silindrlərin sayının azalmasına baxmayaraq, yeni güc qurğusu əvvəlkindən 57 at qüvvəsi və 246 Nm daha çox hasil edir. Bununla belə, ofrouder avtomagistralda 100 kilometrə 9,8 litr yanacaq sərf edir ki, əvvəlki nəsildə bu göstərici 13,8 litr idi. Tamötürməli versiyanın göstəricisi bir qədər çoxdur - 11,8 litr qarışıq rejimdə və 10,7 litr avtomagistralda. Əvvəlki modelin göstəriciləri müvafiq olaraq - 16,8 və 13,8 litr təşkil edirdi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.