Son zamanlarda Maserati cəbhəsindən aldığımız xəbərlərin əksəriyyəti MC20 superkarı ilə əlaqəlidir. Lakin, italyan markası yaxın zamanda yenilənmiş Ghibli sedanını təqdim edəcəyini bildirib. Artıq yeddi ildir ki istehsal edilən cari Ghibli modelinin yenilənmiş versiyası 15 iyul tarixində debüt edəcəkdir.

Üstəlik, Maserati şirkətinin yaydığı videotizerdə sürpriz də vardır. Yenilənmiş Ghibli ailəsinə hibrid qurğusuna sahib olan modifikasiya da qoşulacaqdır. Yəni, Ghibli sedanı Modena istehsalçısının ilk elektrikləşdirilmiş modeli olacaqdır. Sonrada Levante və Quattroporte modelləri də hibrid qurğunu əldə edəcəklər.

Əslində yenilənmiş Maserati Ghibli aprel ayında keçirilməli olan Pekin avtosalununda debüt etməli idi. Lakin, koronavirus pandemiyası italyan markasını təqdimatı İnternet vasitəsi ilə keçirməyə məcbur edib.

İlkin məlumata görə, Ghibli Hybrid modeli təkrar doldurulan hibrid olacaqdır. Maserati şirkətinin 2023-cü ilə qədər olan yol xəritəsində yenilənmiş Levante və Quattroporte modellərinin plug-in hibrid güc qurğusuna sahib olacaqları bildirilib. Markanın ilk elektrokarı MC20 superkarı olacaqdır. Gələcəkdə GranTurismo, GranCabrio,Levante və Quattroporte modellərinin də sırf elektrik güc qurğusu ilə təchiz ediləcəyini gözləmək olar.