JATO Dynamics agentliyi 2021-ci ildə ən çox satılan avtomobillərin dünya üzrə reytinqini hazırlayıb. Təhlil üçün dünyanın bütün böyük və ən kiçik bazarlarının satış statistikasından istifadə olunub.

Keçən ilin sonunda dünyada ən çox satılan avtomobil Toyota Corolla olub: onu 985 min (demək olar ki, əvvəlki illə eynidir) alıcı seçib. Bu model dünyanın demək olar ki, bütün regionlarında satılır və geniş modifikasiya çeşidinə malikdir. Corolla Çində (322 min ədəd), ABŞ-da (249 min) və Avropada (191 min) yaxşı satılır: bu bazarlarda Corolla ən çox satılan modellər onluğuna daxildir.

Corolla ilə birlikdə, 2021-ci ilin dünya bestsellerlərinin ilk onluğuna dörd Toyota (Corolla (1), RAV4 (2), Camry (4), Yaris (8)) modeli, iki Honda (CR-V (3), Civic (6)) və bir Nissan modeli daxil olub - yəni yapon avtomobil sənayesi reytinqin on sətirindən yeddisini götürüb! Doğrudur, doqquzuncu yerdə qərarlaşmış Nissan Sylphy sedanı (499 min avtomobil) yalnız Çində satılır, lakin bu bazarda yapon sedanı mütləq bestsellerdir.

Keçən ildə əsas sıçrayışı elektromobillər aləminin nümayəndəsi göstərib: 68 fazilik (593 min avtomobil) satış artımı ilə Tesla Model 3 nəinki ilk onluğa daxil olub, həm də dərhal beşinci yeri tutub. Onuncu yerdə isə ucuz Çin Wuling Mini EV mikrokarı dayanır və onun analoqları indi Çində yağışdan sonra peyda olan göbələklər kimi artırlar.

F seriyasından olan Ford pikapları, bütün minik və ofroud avtomobillərini üstələyərək, 40 il ardıcıl olaraq ABŞ bazarındakı ən populyar avtomobil titulunu qoruyur.

Keçən il, “ağır” versiyalar da daxil olmaqla, 726 min (7,8% azalıb) pikap satılıb. Qeyd etmək lazımdır ki, bazarda əsas tələbat ən yüngül Ford F-150 (ümumi reytinqdə yeddinci yer) pikapınadır. Şimali Amerikadan kənarda bu avtomobillərə olan tələbat çox cüzidir.

Avropada 2021-ci ilin bestselleri Volkswagen Golf modelidir, lakin bu titul ona böyük çətinliklə və bəlkə də sonuncu dəfə qismət olub. 205 min avtomobil satılıb ki, bu da 2020-ci illə müqayisədə 28% azdır.

Alman modelinin dörd yaxın təqibçisi var: bunlar hər biri 195-197 min alıcı tapan Dacia Sandero, Renault Clio, Peugeot 208 və 2008 modelləridir. 2021-ci ilin bəzi aylarında onlar Avropa reytinqində birinci yeri tutmağa müvəffəq olublar. Görünən odur ki, bu modellərdən biri Köhnə Dünyada 2022-ci ilin bestselleri olacaqdır.

Keçən il Yaponiya bazarında ən çox satılan avtomobil Honda N-Box (189 min avtomobil) key-karı olub. Cənubi Koreyada isə, minik avtomobilləri arasında lider iri Hyundai Grandeur sedanı (89 min) olub, lakin satış göstəricilərinə görə mütləq birinci yeri Hyundai Porter (99 min) yük avtomobili tutub.

Hindistanda bestseller kiçik Maruti Suzuki Wagon R (184 min) hetçbekdir. Latın Amerikasında ən çox satılan avtomobil Fiat Strada (120 min) yüngül pikapı olub. Azərbaycan bazarının mütləq lideri isə Lada Niva Legend ofrouderidir.