Bu günlərdə debüt etmiş Acura NSX Type S superkarının ilk nüsxəsi Monteyerdə keçirilən Mecum hərracında 1.100.000 dollara satılıb. Avtomobilin satışından əldə edilən vəsait xeyriyyə təşkilatlarına yönəldiləcəkdir.

VIN nömrəsi 001 olan Acura NSX Type S modelini Hendrick Motorsports komandası və Hendrick Automotive Group şirkənin yaradıcısı Rik Hendrik satın alıb. İlk avtomobil onun çəkisini 26 kiloqram yüngülləşdirən opsional dəst ilə təchiz ediləcəkdir. Bu dəstin tərkibinə karbon-saxsı əyləc mexanizmləri, karbondan hazırlanmış mühərrik qapağı və interyer dekoru daxildir. Bu dəstin qiyməti 13.000 dollar təşkil edir.

Beləliklə, Rik Hendrik avtomobili başlanğıc qiymətindən altı dəfə baha qiymətə satın alıb. Eyni təchizata malik olan superkar üçün ABŞ-dakı dilerlər 182.500 dollar tələb edirlər. Xatırlatmaq istərdik ki, NSX Type S modeli 350 nüsxəlik məhdud saylı seriya ilə buraxılacaqdır. Avtomobillərdən 300 ədədi ABŞ bazarı üçün nəzərdə tutulub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.