Cari ilin mart ayının əvvəlində, Dassault Aviation şirkəti yeni biznes cetini - Falcon 6X təyyarəsini təqdim edib. Mühərrik problem yaşayan Falcon 5X modelini əvəzləyəcək yeni cet, Dassault nümayəndələrinin iddiasına görə, işgüzar aviasiyada mövcud olan ən geniş, qabaqcıl və universal ikimühərrikli təyyarədir. 5500 dəniz mili (10.186 kilometr) aralığında uçuş mənzili olan yeni təyyarə ilk uçuşunu 2021-ci ilin əvvəlində həyata keçirməlidir. Cetin müştərilərə çatdırılmasına isə, 2022-ci ildə başlamaq planlaşdırılır.

Artıq qeyd etdiyim kimi, Falcon 6X modelinin sələfi olan Falcon 5X ceti Safran Silvercrest mühərrikləri ilə problem yaşamışdı və buna görə də, Dassault şirkəti 5X layihəsini dayandıraraq yeni layihəyə start verdiyini bəyan etmişdi. Artıq mühərrik problemi ilə üzləşmək istəməyən frnasız istehsalçısı, yeni təyyarə üçün Pratt&Whitney Canada şirkətinin PW800 mühərrikini seçib.

Falcon 6X ceti öz sinifindəki istənilən təyyarəyə nisbətən ən böyük, səssiz və ən rahat sərnişin salonunu əldə edəcəkdir. Eyni zamanda, yeni cet Falcon biznes təyyarələri arasında ən böyük salona malik olacaqdır. Falcon 6x modelinin daha bir seçilən cəhəti, işgüzar aviasiyada mövcud olan ən qabaqcıl rəqəmsal idarəetmə sistemləri ilə təchiz edilməsidir.

Dassault Falcon 6X təyyarəsi, Falcon 5X modelinin ilkin sınaqları zamanı təsdiqlənmiş aerodinamikasına və xüsusiyyətlərinə əsaslanıb. Lakin, bu xüsusiyyətlər yeni mühərrik üçün optimallaşdırılıb ki, bu da, daha uzun uçuş məsafəsi və daha uzun salon deməkdir.

"Daha yaxşı uçuş təcrübəsini təmin etmək və sərhədləri daha da genişləndirmək üçün, müasir aviasiya yeniliklərindən istifadə edərək yeni təyyarə yaratdıq, - Dassault Aviation şirkətinin sədri və baş direktoru Erik Trapye bildirib. - Falcon 6X modeli, başqa böyük kabinli biznes təyyarəsi ilə müqayisə edilməyən, məsafə, rahatlıq və imkanların vəhdətini təqdim edəcək, qabaqcıl sistemlər və etibarlılı mühərriklər ilə təchiz olunduğuna zəmanət verəcəkdir".

Falcon 6X təyyarəsinin salonun hündürlüyü 1,98 metr, eni isə 2,58 metr təşkil edir - bu, xüsusi olaraq inşa edilmiş biznes təyyarəsində olan ən hündür və geniş en kəsiyidir. Salonun uzunluğu təxminən 12,3 metrə bərabərdir. İri həcmli giriş hissəsi, uçuş heyətinin dincəlməsi üçün bölmə və geniş arxa otaq da daxil olmaqla, üç ayrı zonadan ibarət olan salonda 16 sərnişin yerləşdirilə bilər.

Salonun dizayn üslubunun hər bir elementi tamamilə yenidən nəzərdən keçirilibdir - bu, Dassault Aviation şirkətinin dizayn studiyası tərəfindən müştərilər arasında aparılmış iri miqyaslı araşdırmaların nəticəsidir. Kabin, 29 ədəd böyük ölçülü illüminator, o cümlədən kambuzdakı unikal tavan illüminatoru sayəsində xeyli miqdarda təbii işıqla doldurulub. Qeyd etmək gərəkdir ki, belə illüminator aviasiyada ilk dəfədir ki, tətbiq edilir və işıqlandırmaya ehtiyacı olan zonanı əlavə təbii işıqla təmin edir.

"Aviasiya sənayesi getdikcə daha geniş və daha uzun salonlara doğru irəliləyir və müştərilər yeni Falcon biznes təyyarələrimizdə daha böyük məkan istədiklərini söyləyirlər, - Trapye davam edib. - Buna görə də, Falcon 6X modeli üzərində çalışmaları kabindən başlayaraq onu sərnişinyönümlü hala gətirdik və eyni zamanda, müştərilərin Falcon təyyarələrində qiymətləndirdikləri yüksək məhsuldarlığı və digər uçuş keyfiyyətlərini təmin etdik".

Falcon 6X ceti, havadakı burulmaların təsirini minimuma endirən ultra effektiv qanad və "flaperon" (eyni zamanda eleron və flapları əvəzləyən səth) adlanan yeni nəzarət səthi də daxil olmaqla, bütün idarəetmə səthlərinə nəzarət edən ən yeni nəsil rəqəmsal uçuş idarəetmə sistemi ilə təchiz edilmişdir. Falcon 6X, xüsusilə də dik qlissadalarda enişə keçmə zaman idarətməni əhəmiyyətli dərəcədə yaxşılaşdıran flaperonları olan ilk biznes cetidir.

Təyyarə, eyni zamanda, yeni Falcon 8X modelinin yaradılması zamanı qazanılmış böyük təcrübəyə əsaslanan, sektordakı ən yaxşı səs-küy azaldılması sistemlərindən birini, həmçinin tamamilə yeni kabin və üçüncü nəsil EASy III bort avadanlığını əldə etmişdir. Falcon 6X modeli, FalconSphere II elektron uçuş dəftəri (EFB) və inqilabi FalconEye Combined Vision System Sistemi də daxil olan tam avadanlıq dəsti ilə birlikdə çatdırılacaqdır. Sonuncu sistem yaxşılaşdırılmış və sintetik görmə qabiliyyətini özündə birləşdirən ilk proyeksiya displeyidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Hələ də, əvvəlki kimi, uzun mənzili və böyük salonu olan təyyarələrin yaradılmasına ciddi tələbat var. Falcon 6X, öz sinifində olduğu kimi, 5000 mil seqmentində də, qiymət və keyfiyyətin optimal nisbətinə malik olacaqdır", - Trapye qeyd edib. O, eyni zamanda, 5X ilə yaşanmış problemlərdən sonra,  müştərilərin əksəriyyətinin 7X və 8X modelinə keçdiklərini bildirib, çünki onlar "gözləmək istəmirdilər". Ancaq, indi müştərilərin bir neçəsi 6X modelinə keçid ilə əlaqədar olaraq müqavilə bağlayırlar. Trapye bu müqavilələrin bəzilərinin yaxın günlərdə tamamlanacağına ümid edir. 

Falcon 6X ceti 850 km/saat (0,85 Max) kreyser sürəti ilə, birbaşa, San Fransiskodan Pekinə qədər səfər edə bilər. Təyyarənin maksimal uçuş hündürlüyü 15.545 metr, maksimal qalxış çəkisi isə 35.135 kiloqramdır. 

Yeni cetin qiyməti 5X modelinin qiyməti ilə eyni olacaq - xatırladaq ki, 2018-ci ildə Falcon 5X modeli üçün 47 milyon dollar tələb olunurdu.