Böyük Toyota Highlander krossoveri gözlənilmədən modernləşməyə məruz qalıb - özü də söhbət Çindəki krossoverlərdən (burada yalnız Highlander deyil, Crown Kluger versiyası da var) getmir, əksinə Amerikada satılan orijinal krossoverdən gedir. Növbəti, 2023-cü model ilinin avtomobilləri klassik 3,5-litrlik V6 atmosfer mühərrikindən məhrum ediliblər.

İndi ABŞ-da satılan Highlander modeli T24S seriyasından olan 2,4-litrlik dördsilindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Qarışıq püskürtməsi və ikiaxınlı turbokompressoru olan mühərrik keçən il ikinci nəsil Lexus NX krossoverində debüt edib və Highlander belə aqreqatı alan ikinci model olub.

Highlander krossoverində quraşdırılan yeni mühərrikin gücü bir qədər azaldılıb: o, 269 at qüvvəsi və 419 Nm fırlanma anı hasil edir. Əvvəlki altısilindrli mühərrik daha güclü olsa da (299 at qüvvəsi), lakin fırlanma anı (357 Nm) baxımından nəzərəçarpacaq dərəcədə zəifdir.

Bununla belə, yeni turbomühərrikin maksimal dartma qüvvəsi artıq 1700 dövr/dəqiqədən əlçatandır. Mühərrik dəyişdirildikdən sonra Highlander modelinin pasport üzrə yanacaq sərfiyyatının (9,8 llitr/100 km), hbaelə yedəyə alınmış qoşqunun icazə verilən kütləsinin (2,3 ton) də dəyişmədiyi bildirilib.

Toyota Highlander əvvəlki kimi səkkiz pilləli “avtomat” ilə təchiz olunur. Ötürmə - ön oxa və ya bütün təkərlərə ola bilər. Üstəlik, sadə L, LE və XLE təchizat səviyyələrində olan krossoverlər arxa oxda muftası olan sadə transmissiyaya malikdirlər, XSE, Limited və Platinum versiyalarında isə, arxa təkərlərdə fərdi muftaları olan daha mürəkkəb Dynamic Torque Vectoring AWD sistemi quraşdırılır.

Hibrid Highlander krossoveri model çeşidində qalıb - 2,5-litrlik dördsilindrli atmosfer mühərriki və elektromotor ötürmə növündən asılı olmayaraq, ümumilikdə 246 at qüvvəsi hasil edir.

2023-cü model ilinin Highlander krossoveri üçün başqa yenilənmələr də nəzərdə tutulub. Ən zəngin Limited və Platinum versiyaları 12,3-düymlük virtual cihazlar panelini əldə ediblər ki, bu opsiya da Çindən gəlib: yerli istehsal krossoverlərində belə panel əvvəlcədən quraşdırılır. Seçmək üçün dörd ekran rejimi var.

Daha sadə versiyalarda yeddi düymlük ekranı olan klassik cihazlar paneli quraşdırılır. 4,2-düymlük ekrana malik olan baza  variantından artıq istifadə olunmur. Bundan əlavə, 12,3-düymlük ekrana malik olan ən qabaqcıl mediasistemi indi təkcə top Platinum versiyasında deyil, həm də aşağı XLE, XSE (əlavə ödənişlə) və Limited (standart) versiyalarında da quraşdırılır. Baza ekranı əvvəlki kimi səkkiz düymlükdür.

Yeni model ilinin krossoverlərinin eksteryerində heç bir dəyişiklik olmayıb - restaylinq hələ qarşıdadır. Turbomühərrikləri və yeni opsiyaları olan Toyota Highlander modelləri Amerika bazarında payıza yaxın satışa çıxarılacaqlar.

Qiymətlər hələlik açıqlanmayıb: hazırda Toyota Highlander modelinin ABŞ-dakı satış qiymətləri 36 min dollardan başlayır. Bir müddət sonra 2,4-litrlik turbomühərrik Camry sedanında da peyda olmalıdır. Virtual cihazlar panelinə gəlincə isə, belə panel artıq Çində satılan versiyada quraşdırılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.