Audi şirkəti yaxın zamanlarda A3 modelinin yeni nəslini təqdim etməlidir. Şayiələrə görə, alman istehsalçısı A3 ailəsini klirensi artırılmış və rənglənməmiş plastikdən müdafiə qurşağı olan Cityhopper adlı “yolsuzluq” versiyası ilə zənginləşdirmək niyyətindədir. Bu barədə məlumatı “Auto Express” nəşri yayıb.

Böyük ehtimalla İnqolştadt istehsalçısı Q2 və Q3 modelləri arasında boşluq olduğunu düşünür. Bu boşluğu doldurmaq üçün isə, Audi merketoloqları yeni ideyanı irəli sürüblər – A3 modelinin “Allroad” versiyasını yaratmaq. Lakin, kross-hetçbek öndənçəkişli olacağı üçün onu Allroad deyil, Cityhopper adlandırmaq qərarına gəliblər.

Audi A3 modelinin dördüncü nəsli MQB modul platformasında inşa ediləcəkdir. Avtomobilin mühərrik çeşidinə iki benzin və iki dizel aqreqatı daxil ediləcəkdir. “Yumşaq” hibrid versiyasının da təklif olunacağı da istisna edilmir. A3 Cityhopper modelinin ölçülərinə gəldikdə isə, modelin qabarit uzunluğunun 4,2 – 4,5 metr arasında olacağını ehtimal etmək olar.

Əgər söylənilənlər doğrudursa, A3 Cityhopper hetçbeki Ford Focus Active, Toyota Corolla Cross və debütü gözlənilən Kia Xceed modellərinə rəqib olacaqdır.