İdman avtomobillərinin fanatları Bentley EXP 10 Speed 6 və EXP 12 Speed6e konseptlərinin seriya variantlarını görmək istəsələr də, bu mümkün olmayacaqdır. Bu günlərdə Bentley şirkəti dəbdəbəli markanın inkişaf konsepsiyasını səsləndirib ki, bu konsepsiyada da idman modellərinə yer verilməyib.

“Autocar” nəşrinə müsahibə verən Bentley şirkətinin mühəndislik üzrə idarə heyətinin üzvü Verner Tits marka üçün prioritet məsələnin, böyük tələbata malik olan, krossoverlər seqmentinin olduğunu bildirib. Hazırda söhbət Çin və ABŞ bazarlarına ünvanlanmış və Bentayga modelindən iri olacaq krossoverdən gedir.

İri ölçülü krossover Bentley şirkətinin üzərində düşündüyü tək yenilik deyil. Britaniyalılar yeni qran turizmo avtomobilinin inşası məsələsini də müzakirə edirlər. Bu modelin əsas təyinatı yeni alıcı auditoriyasının cəlb edilməsidir. Tits markanın daha bir uğurlu və tələb edilən modeli yaratmaq imkanının olduğundan əmindir.

Elektrokarlara gəldikdə isə, Tits bu texnologiyaların Bentely markası üçün kifayət qədər mükəmməl olmadığını bildirib. O, hazırda markanın hibrid və yanacaq elementləri ilə çalışan aqreqatlara istiqamətləndiyini bildirib. Bentley markasının gələcəyi haqqında ətraflı məlumat bu ilin iyulunda, markanın 100 illik yubileyinin bayram edilməsi tədbiri çərçivəsində səsləndiriləcəkdir.