BMW şirkəti dördqapılı 2 Series Gran Coupe modelinin debüt tarixini açıqlayaraq, avtomobilin ilk tizerini dərc edib. Modelin kütləvi təqdimat mərasimi bu ilin noyabrında keçiriləcək Los Anceles avtosalonunda baş tutacaqdır. Modelin satışlarına 2020-ci ilin yazında başlanacaqdır.

BMW 2 Series Gran Coupe modelinin əsasını öndənçəkişli UKL arxitekturası təşkil edəcəkdir. Bu platformadan X1 və X2 modellərində istifadə edilir. Gələcək  BMW 1 Series də bu platformada inşa ediləcəkdir. İstehsalçı avtomobilin emosional dizayna, idman xarakterinə və mütərəqqi rəqəmsal texnologiyalara sahib olacağını bildirib. Yeni 2 Series Gran Coupe ənənəvi sedanlara alternativ təşkil edəcək və «zərif üsluba» malik olan yığcam avtomobillərə üstünlük verən şəxslərə ünvanlanacaqdır.

Öndənçəkişli digər modellər kimi, BMW 2 Series Gran Coupe də benzin və dizel «turbodördlükləri», həmçinin 1,5-litrlik üçsilindrli turbomühərrik ilə təchiz ediləcəkdir. «Qaynar» modifikasiyalarında da təklif ediləcəyi də istisna olunmur. Məsələn, BMW M235i Gran Coupe  modeli 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən M Performance mühərriki ilə təchiz edilə bilər.