Lexus şirkəti Qudvudda keçirilən Sürət festivalında LC modelinin açıq versiyasının seriyaöncəsi variantını nümayiş etdirib. Qudvud prototipi bu qəbildən olan prototiplər kimi ənənəvi kamuflyaj örtüyü ilə üzlənib.

Bununla belə, prototipin Detroyt avtosalonunda göstərilmiş konsept ilə elə də ciddi fərqi yoxdur. Prototip konseptdən baqaj qapağının üzərindəki forması irilənmiş spoyleri və oturacaqların başlıqları ilə fərqlənir.  Ən vacibi isə, seriyaöncəsi prototip konseptin yumşaq tavanını qoruyub-saxlayıbdır. Bu günə qədər təklif edilən bütün açıq Lexus modelləri kupe-kabriolet olublar. 

Image alt Image alt Image alt Image alt

Çox güman ki, kabriolet texniki cəhətdən Lexus LC modelini təkrarlayacaqdır. Xatırladaq ki, Lexus LC kupesi 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.

Bildiyimiz kimi, Lexus hibrid güc qurğusu ilə təchiz edilən LC 500h modelini də təklif edir. Bu qurğunun kabrioletin kapotunun altında yer alacağı da şübhə doğurmur. Hibrid güc aqreqatının tərkibinə 295 at qüvvəsi və 348 Nm fırlanma anı olan 3,5-litrlik V6 mühərriki, 60 at qüvvəsi gücü olan elektromotor, litium-ion batareyalar dəsti və dörd pilləli avtomatik sürətlər qutusu daxildir. Pillələrin dəyişdirilməsi sükanaltı dəstəklər vasitəs ilə də həyata keçirilə bilər. Litium-ion batareyaların çəkisi 50 kiloqrama bərabərdir. Hibrid güc aqreqatının ümumi gücü 355 at qüvvəsi təşkil edir ki, bu da kupeyə 100 km/saat sürətini beş saniyədən az vaxta toplamağa imkan verir.