Alpine şirkəti gələcək elektrik model xəttinin əsasını təşkil edəcək üç avtomobilin tizerlərini dərc edib. Bu xəttə Lotus şirkəti ilə birlikdə hazırlanacaq A110 sportkarının varisi, retro dizaynlı “qaynar” hetçbek və kupeşəkilli krossover daxil olmalıdır. Bu üçlüyə daxil olan ilk avtomobilin təqdimatı 2024-cü ildə keçirilməlidir.

Alpine markası 1976-cı ildə Renault Sport bölməsinin tərkibinə daxil olub, 1995-ci ildə isə ləğv edilib. 2017-ci ildə Renault Group Alpine markasını A110 kupesi ilə yenidən canlandırıb. Bununla birlikdə, yeni Renaulution strategiyasında Alpine şirkətinə flaqman rolu verilib – marka, Renault Sport Cars və Renault Sport Racing bölmələrini eyni adlı Formula 1 komandası ilə birləşdirəcək və tamamilə yeni elektrik xəttini yaradacaqdır. Buraya Lotus ilə əməkdaşlıq yaradılan idman avtomobili, Renault 5 konseptinin əsasında hazırlanmış “qaynar” hetçbek və C seqmentindən olan idman krossoveri daxildir.

 

Alpine A110 sportkarının davamçısının əsasını fransız markasının Lotus şirkəti ilə paylaşacağı E-Sports elektrik platforması təşkil edəcəkdir. “Bərkgedən” Renault 5 EV modeli B seqmentindən olan modellər üçün nəzərdə tutulmuş CMF-BEV platformasına əsaslanacaq və  400 kilometrlik yürüş ehtiyatına sahib olacaqdır. Tizerdən göründüyü kimi, “qaynar” hetçbek zahiri cəhətdən keçən əsrin 80-ci illərində buraxılmış ortamühərrikli Renault 5 Turbo modelini təqlid edir və böyük antiqanadla təchiz olunur.

Tizerdəki sonuncu modelin krossover olmasına baxmayaraq, “Autocar” nəşrinin iddiasına görə, krossoveri Audi e-tron GT və Porsche Taycan modelləri ilə rəqabət aparacaq qrand turer əvəzləyəcəkdir. Apline qrand tureri dolu batareya ilə 580 kilometrə qədər məsafə qət edə biləcəkdir.

Bundan başqa, Renault Group EWays ElectroPop tədbirində fransız startapı Verkor ilə bir müqavilə bağladığını elan edib. Bu şirkət, Alpine markası üçün yüksək məhsuldarlıqlı batareyaları hazırlayacaqdır. 2026-cı ilədək Verkor şirkəti illik gücü 10 giqavat-saat olan zavodu inşa edəcəkdir. Perspektivdə bu müəssisənin gücünü ən azı iki dəfə artırılmaq nəzərdə tutulur.

Bütün bunlar, 2025-ci ilə qədər, yeddi Renault elektromobili də daxil olmaqla, ümumilikdə  10 yeni elektrokar istehsal etməyə imkan verməlidir. O zamana qədər, fransız qrupunun Avropadakı satış strukturundakı batareyalı avtomobillərin və hibridlərin payı 65 faizə çatacaqdır, beş ildən sonra isə, elektromobillərin payı  90 faiz təşkil edəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.