Amerikan Neiman Marcus univermaq şəbəkəsi mövsümi Christmas Book kataloqunu təqdim edib. Burada şirkət tərəfindən müştərilərə tövsiyyə edilən dəqiqliklə seçilmiş 800 milad hədiyyəsi vardır. Bu hədiyyələrin arasında xəfiyyə 007 rolunun ifaçısı Daniel Kreyqin iştirakı ilə hazırlanmış yeddi unikal Aston Martin DBS Superleggera kupesi də vardır.

Məhdud saylı kupe adi Aston Martin DBS Superleggera modelindən rəng çeşidi ilə seçilir. Hər bir kupenin kuzovu Ink Blue mavi rənginə boyanıb. Salonun tərtibatında tünd-göy rəngli dəridən və marketri naxışları olan dekordan istifadə edilib. Daha bir seçilən element təkər diskləridir. Onlar «Əlahəzrətin gizli xidmətində» filminin 50 illik yubileyinə həsr edilmiş xüsusi kupedəki ilə eynidir.

Qiyməti 700.007 dollar olan modelin sahibi avtomobillə birlikdə Omega Seamaster Driver 300M  saatının məhdud saylı nəşrini də almış olacaqdır. Saatın gövdəsi platindən hazırlanıb və arxa qapağında əllə işlənmiş naxış vardır. Kupenin qiymətinə Ceyms Bond haqqında 25-ci filmin - «Ölmək vaxtı deyil» (No Time to Die) təqdimatına biletin də dəyəri daxil edilib.