Aston Martin markasının ilk krossoveri olan DBX modelinin təqdimat mərasiminin tarixi açıqlanıb. Btitaniya istehsalçısı DBX modelinin 20 noyabr tarixində Pekində təşkil olunacaq xüsusi tədbirdə debüt edəcəyini bildirib. Eyni zamanda, şirkət krossoverin interyerinin şəklini də dərc edib.

Aston Martin DBX krossoverinin eksteryer dizaynı bizim üçün sirr deyil. Soçidə keçirilmiş Rusiya Qran Prisi çərçivəsində biz krossoverin bağlı təqdimat mərasimində iştirak etmişdik. Qeyd etmək lazımdır ki, zahiri cəhətdən krossover çox cəlbedicidir.

Britaniya markasının ilk krossoveri tamölçülü beşyerli salon təklif edir. Qeyd etmək gərəkdir ki, arxa oturacaq cərgəsində kifayət qədər geniş məkan olmalıdır. Aston Martin DBX modelinin standart təchizatına salonun dəri ilə tərtibatı, üşzonalı iqlim sistemi, bütün oturacaqların qızdırılması və panoram tavan daxildir. Yeri gəlmişkən, panoram tavan açılan bölməyə malik deyildir.

Markanın ənənələrinə uyğun olaraq avtomatik ötürmələrə qutusunun idarəetmə düymələri ön panelin mərkəzində quraşdırılıb. Mərkəzi konsolda isə, Mercedes-Benz modellərindən tanış olan mediasistemin sensorlu idarəetmə pultu yerləşir.

Aston Martin DBX modeli 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki, 9-pilləli “avtomat” və ön oxu qoşan muftası olan  paylayıcı qutu ilə təchiz ediləcəkdir. Bu aqreqatların Mercedes-Benz mənşəli olduğunu anlamaq çətin deyil. Bununla belə, Aston Martin DBX DB11 və DBS sportkarları ilə unifikasiya edilmiş platformaya malikdir.

Eyni zamanda, Aston Martin krossoverin qiymətini də açıqlayıb: DBX modeli Asropada 193.500 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. Çinlə yanaşı modelin əsas bazarları ABŞ və Yaxın Şərq olacaqdır. Qeyd etmək lazımdır ki, Aston Martin artıq DBX modelinə öncədən sifarişləri qəbul edir. Modelin müştərilərə çatdırılmasına 2020-ci ilin yayında başlanacaqdır.