Audi şirkəti Q4 indeksini Volkswagen şirkətinin MEB modul platformasında inşa ediləcək elektrik krossoveri üçün ayırıb. Belə bir krossover 2019-cu ildə Cenevrə avtosalonunda konsept şəklində nümayiş olunsa da, modelin seriya variantı hələ də kütləvi istehsala hazır deyil və ictimai istifadə yollarında sınanır. Buna görə də, seriya elektrokarının əvəzinə İnqolştadt istehsalçısı daha bir konsepti təqdim edib - bu dəfə kupeşəkilli kuzovla.

Audi Q4 Sportback e-tron adlandırılmış kupeşəkilli konseptual krossover, keçən il nümayiş etdirilmiş Q4 e-tron konseptini təkrarlayır. Q4 Sportback e-tron modelinin uzunluğu 4600 millimetr, eni 1900 millimetr, hündürlüyü 1600 millimetr, təkər bazasının uzunluğu isə 2770 millimetrdir.

Göründüyü kimi. Hər iki krossoverin eni və təkər bazası eynidir. Kupeşəkilli konsept 10 millimetr daha uzun və 10 millimetr daha alçaqdır. Bütün bu dəyişikliklər aerodinamik müqavimət əmsalını Cd-ni 0,28-dən 0,26-a endirməyə imkan verib. Q4 Sportback e-tron konsepti yeni təkər diskləri ilə təchiz edilsə də, onların ölçüsü dəyişilməz qalıb - 22 düym.

Audi Q4 Sportback e-tron konseptinin salonunun baza modelindən (xüsusən də arxa hissədən) bir qədər dar olacağı aydındır.

Ancaq, hər iki konseptin ön paneli eynidır: virtual alətlər paneli, proyeksiya displeyi və mediasistemin 12,3-düymlük sensorlu ekranı eynidir. Klimat-kontrolun idarəetməsi ayrıca sensorlu panelə malikdir, onun altında isə transmissiyanın pultu olan üfüqi konsol yerləşir.

Audi Q4 Sportback e-tron konsepti texniki hissəni nəinki keçən ilki konsept ilə, həmçinin MEB platformasında inşa edilən digər modellər ilə bölüşür. Ön oxda 102 at qüvvəsi və 150 Nm fırlanma anına malik olan elektrik mühərriki, arxa oxda isə 204 at qüvvəsi və 310 Nm fırlanma anı hasil edən mühərrik quraşdırılmışdır.

İki mühərrikin ümumi gücü 306 at qüvvəsidir. Q4 Sportback modeli 100 km/saat həddinə 6.3 saniyəyə sürətlənir və 180 km/saatlıq maksimal sürət həddinə malikdir.

Sərnişin bölməsinin altında yerləşən litium-ion dartma batareyası 82 kilovat-saatlıq tutuma və 510 kiloqram ağırlığa malikdir. Arxa ötürməli versiyanın WLTP dövrünə əsasən 500 kilometr qət edə biləcəyi iddia edilir.

İkimühərrikli tamötürməli versiyanın yürüş ehtiyatı 450 kilometr təşkil edir. Ən güclü 125 kilovatlıq terminaldan batareyanın 0 faizdən 80 faizinə qədərinin doldurmasına yarım saat vaxt gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi Q4 e-tron modelinin seriya variantının 2021-ci ilin yazında satışa çıxarılacağı gözlənilir, Sportback versiyası isə bir qədər sonra satış debütü etməlidir. İnqolştadt təmsilçisi Audi Q4 Sportback e-tron modelinin şirkətin yeddinci seriya elektromobilinin olacağını iddia edir.

2025-ci ilə qədər Audi şirkətinin təklif etdiyi elektrokarların sayı 20 modelə çatmalı və alman markasının ümumi satışlarının 40 faizini təşkil etməlidir.