Bu gün səhər Audi şirkətinin yaxın zamanlarda Q4 e-tron konseptual krossoverinin seriya vesiyasını təqdim edəcəyi barədə məlumat vermişdik. Lakin, İnqolştadt istehsalçısı yaxın zamanlarda təkcə Audi Q4 e-tron modelini təqdim etmək fikrində deyilmiş. Tezliklə adi Audi Q4 krossoverinə onun kupeşəkilli Q4 e-tron Sportback versiyası da qoşulacaqdır.

Yeni kupeşəkilli krossoverin carçısı olan Audi Q4 Sportback e-tron konseptual krossoveri bu gün, Bakı vaxtı ilə axşam saat 21:15-də onlayn şəkildə nümayiş etdiriləcəkdir. Sportback indeksli Audi Q4 e-tron modelinin seriya versiyasının 2021-ci ildə debüt edəcəyi gözlənilir.

Kupeşəkilli Audi Q4 e-tron Sportback modelinin Q4 e-tron elektrik krossoverinə nisbətən daha dinamik olacağını gözləmək olar. Lakin, belə kuzova malik olan avtomobillərin çatışmamazlıqlarından biri kiçik həcmli baqaj bölümüdür. Bundan başqa, Sportback indeksli model adi Q4 e-tron modelindən bir qədər baha olacaqdır.

Böyük ehtimalla, hər iki krossover ümumi gücü 225 kilovat olan güc qurğusu və tam ötürmə sistemi ilə təchiz ediləcəklər. Q4 e-tron modeli 100 km/saat həddinə 6,3 saniyəyə sürətlənəcək və 180 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır. Döşəmədə yerləşdirilmiş 82 kilovat-saatlıq batareya sayəsində elektrik krossoverləri 450 kilometr (WLTP) məsafə qət edə biləcəkdirlər. 125 kilovatlıq cərəyan yükləmə terminalından batareyanın 80 faizinin doldurulmasına yarım saat tələb olunacaqdır.

Image alt Image alt Image alt Image alt

Volkswagen şirkətinin MEB modeul platformasında inşa edilmiş Q4 e-tron və Q4 e-tron Sportback modelləri Audi şirkətinin model xəttinin elektrikləşdirməsi planının tərkib hissəsidir. 2030-cu ilə qədər alman istehsalçısının model xəttində 20 elektrokar olmalıdır. Bu planın ən həyəcanverici modellərindən birinin Audi e-tron GT modelinin olacağını da söyləmək gərəkdir.