Audi şirkəti e-tron elektrik krossoverinin S-versiyası barədə məlumatla paylaşıb. "Qaynar" elektromobil pik rejimində 503 at qüvvəsi və 973 Nm fırlanma anı hasil edən üç mühərrikli güc qurğusuna sahib olacaqdır. Bundan əlavə, elektrokarın S-versiyası eksteryerin və interyerin idman atributları ilə seçilir.

Audi e-tron S krossoveri texniki cəhətdən beş il əvvəl debüt etmiş konseptual e-tron quattro modelini təkrarlayır. Krossover ön tərəfdə quraşdırılmış bir asinxron elektrik mühərriki və arxa oxda quraşdırılmış iki elektromotor ilə təchiz edilir. Üçmühərrikli arxitektura dartma vektoruna nəzarət sistemini tətbiq etməyə imkan verir.

Audi e-tron quattro S modeli "normal" rejimdə 435 at qüvvəsi və 808 Nm, overboost rejimində isə 503 at qüvvəsi və 973 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, Audi e-tron 55 quattro modeli  adi rejimdə 360 at qüvvəsi və 561 Nm fırlanma anı, səkkiz saniyəlik overboost rejimində isə 408 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edir. Audi e-tron S modeli 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.

Böyük ehtimalla, dinamik xüsusiyyətlərin yaxşılaşdırılmasına o cümlədən yürüş ehtiyatının azaldılması nəticəsində nail olunub: e-tron S modeli 95 kilovat-saat tutumu olan standart batareya ilə təchiz edilir. Audi şirkəti S-versiyasının yürüş ehtiyatını açıqlamayıb. Xatırladaq ki, "adi" e-tron 55 quattro modeli üçün yürüş ehtiyatı 400 kilometr (WLTP) bəyan edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi şirkəti e-tron S prototipinin kamuflyajla örtülmüş eksteryer fotolarını dərc edib, lakin "qaynar" versiyanın xüsusiyyətləri artıq məlumdur: yeni elektrokrossover optimallaşdırılmış aerodinamikaya, 22-düymlük təkər disklərinə, öndə altıporşenli supportları və 400 millimetrlik əyləc diskləri olan daha səmərəli əyləc sisteminə, həmçinin standart təchizata daxil ediləcək adaptiv pnevmoasqıya sahib olacaqdır.

Audi e-tron S modelinin seriya versiyasının təqdimatı yaxın zamanlarda keçrilməlidir. "Qaynar" elektrokarın satışlarına ilin sonuna qədər başlanılmalıdır. Çox güman ki, e-tron S modeli ilə birlikdə onun kupeşəkilli e-tron S Sportback versiyası da debüt edəcəkdir.