Adi Audi Q5 modelinin ardınca “bərkgedən” SQ5 TDI modeli də yenilənib. “Bərkgedən” krossoverin eksteryer və interyer dizaynı yenilənib, onun mühərriki ekoloji cəhətdən daha təmiz olub.

Zahiri cəhətdən, SQ5 krossoveri standart versiyasından o qədər də ciddi fərqlənmir. "Bərkgedən" krossover adi modeldən yeni bamperləri, yenidən işlənmiş radiator barmaqlığı və "bazaya" daxil olan LED ön fənərləri ilə seçilir. Krossoveri matrisa fənərləri ilə təchiz etmək üçün əlavə ödəniş tələb olunur. Standart krossoverdə olduğu kimi, yenilənmiş Audi SQ5 modeli də OLED texnologiyasından hazırlanmış arxa fənərlər ilə təchiz edilir.

Audi SQ5 modelinin salon tərtibatında təbii və eko-dəridən, həmçinin tutqun alüminiumdan istifadə olunur. Əlavə ödəniş  ilə interyeri Nappa dəri ilə üzləmək və karbon dekorla bəzəmək olar. Salondakı əsas yenilik 10,1-düymlük sensorlu ekranı olan MMI əyləncə-məlumat kompleksidir. Bundan əlavə, mühəndislər multimedia sisteminin şaybasını mərkəzi tuneldən yığışdırıblar. İndi multimedia sistemini toxunuşlara cavab verən sensorlu erkan və səsli komandalar vasitəsilə idarə etmək olar.

Yenilənmiş SQ5 modelində baş vermiş əsas dəyişiklik kapotun altındadır. Krossover yığcam elektrik kompressoru olan təkmilləşdirilmiş 3,0-litrlik turbodizeli əldə edib. Alüminium porşenlər döymələri ilə əvəzlənib, elektromaqnit injektorları və piezoelektrik sensoru olan yanacaq püskürdülməsi sistemi artıq maksimal 2500 bar təzyiqi təmin edir. Konstruksiyaya edilmiş dəyişikliklər, modifikasiya edilmiş aqreqatın Avro 6 ekoloji standartlarına cavab verməsini təmin edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modernizasiya prosesində turbodizel gücünü itirməli olub. İndi onun gücü  347 əvəzinə 341 at qüvvəsi təşkil edir. Mühərrik 8-pilləli “avtomat” ilə tandemdə çalışır. Audi SQ5 krossoveri  100 km/saat həddinə əvvəlki kimi 5,1 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saatdır.

Yenilənmiş Audi SQ5 TDI modeli 2021-ci ilin əvvəlində Avropada satışa çıxarılacaqdır. Almaniyada dizel krossoverinin qiyməti 68.000 avrodan başlanacaqdır.