Audi şirkətinin «bərkgedən» RS modelləri alman markasının fanatları arasında xüsusi rəğbətə malikdirlər. Marka pərəstişkarlarında heyranlıq yaradan RS ailəsinin iki yeni fərdi bu gün debüt edib. Bunlar Audi RS Q3 və RS Q3 Sporback krossoverləridir.

2020-ci ilin birinci rübündə Avropada satışa çıxarılacaq «bərkgedən» krossoverlər aqressiv xarici görkəmə və güclü 5-silindrli mühərrikə sahib olublar. 2,5-litrlik mühərrik alüminium karterə və içi boş dirsəkli vala sahib olub. Bu iki yenilik ümumilikdə 19 kq çəkiyə qənaət etməyə imkan verib.

Yeni cütlüyün təchiz edilidiyi mühərrik 394 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 7-pilləli S tronic qutusu və quattro tam ötürməsi ilə tandemdə çalışır. Bu üçlük krossoverlərin 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənməsinə şərait yaradır. Hər iki krossoverin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 km/saata çəkmək də olar.

Krossoverlər standart olaraq hündürlüyü 10 mm azaldılmış asqı və altıporşenli supportları və polad diskləri olan əyləc mexanizmləri təchiz edilirlər. Daha aqressiv idarəetməni sevənlər üçün Dynamic Chassis Control sistemi də nıəzərdə tutulmuşdur. Əlavə ödənişlə, alüminium monoblok supportları olan karbon-saxsı əyləc mexanizmlərini və RS Sport idman buraxılış sistemini sifariş etmək olar. Sonuncu qara rəngli çıxış borularına və daha möhtəşəm səsə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

RS Q3 və RS Q3 Sportback modellərini qara rəngli həcmli radiator barmaqlığı, iri hava girişləri olan ön hissə, damda quraşdırılan qara parlaq rəngə malik olan spoyler, oval çıxış boruları və 21-düymlük təkər diskləri sayəsində tanımaq olar. «Bərkgedən» kuzovunu iki eksklyuziv rəngə boyamaq olar: parlaq Kyalami Green və Nardo Grey.

Məlum məsələdir ki, krossoverlərin salonunda idman oturacaqlarını, qara Nappa dərisi və alkantara ilə tərtibatı aşkar edəcəksiniz. Salonu canlandırmaq arzusunda olanlar kuzov rəngində tikişləri də sifariş edə bilərlər. Ümumiyyətlə, təklif edilən dizayner dəstləri müxtəlif rəngli tərtibat elementlərini nəzərdə tutur. Əlavə ödənişlə, Virtual Cockpit Plus rəqəmsal displeyini də sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki krossoverin cəlbedici alındığından şübhəmiz yoxdur. Yeganə naməlum olan, bu krossoverlərin Bakı küçələrində nə zaman şütüyəcəkləridir. Doğrudur, azərbaycanlı alıcılar kiçik ölçülü avtomobillərə iri məbləğdə pul verməyə hazır deyillər, lakin bu günlərdə şəhərdə rast gəldiyim Audi SQ5 bu baxışın yavaş-yavaş dəyişdiyindən xəbər verir.