Konsept avtomobillərinin inşası üzrə ixtisaslaşmış Ideenion Automobil AG şirkəti Austro-Daimler avstro-macar markasını dirçəldəcəyini bəyan edib. Bu markanı daşıyan ilk model d’Este villasında keçiriləcək Zəriflik müsabiqəsində debüt edəcəkdir.

Shooting brake kuzovuna malik olan avtomobil Austro-Daimler Bergmeister ADR 630 Shooting Grand adlandırılıb. Avtomobilin dizaynı üzərində Indeenion Design studiyasının mütəxəssisləri, Lorents Lyov və Roland Ştal işləyiblər. Layihənin məqsədi keçən əsrin 20-30-cu illərinin dizayn elementlərinə malik olan Gran Turismo modelinin müasir interpretasiyasının yaradılmasıdır.

Şutinq-breyk tarixi Austro-Daimler ADR6 Bergmeister modelini xatırlatmalıdır. 1931-ci ildə debüt etmiş avtomobil 120 at qüvvəli 3,6-litrlik sıralı altısilindrli mühərrik ilə təchiz edilirdi. Üç il ərzində 50 ədəd ADR6 Bergmeister modeli buraxılıb. Bütün avtomobillər Avstriyanın Oeffag firmasının kuzovları ilə təchiz edilirdilər. Bu firma Birinci dünya müharibəsindən sonra təyyarə istehsalçısı profilini kuzov atelyesinə dəyişib.