Ümumiyyətlə, oxşar dizayna və eyni indeksə malik olan hetçbek, hələ 2021-ci ildə Hindistan və Cənubi Amerika bazarları üçün təqdim edilmişdi. Bir qədər sonra isə, ona elektrik modifikasiyası qoşulmuşdu.

Bununla belə, fransız istehsalçısı Avropada satılacaq avtomobilin inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş hetçbeklə heç bir ümumi kuzov panelinə malik olmadığını iddia edir. Buna baxmayaraq, konseptual olaraq bu avtomobillər çox oxşardırlar və müxtəlif versiyalarda olsa belə, eyni CMP modul platformasını bölüşürlər.

Fransız hetçbekinin əvvəlki "qoğal" imicindən əsər-əlamət belə qalmayıb. Citroen C3 bucaqlı kuzova sahib olub və onu krossoverlə səhv salmaq çox asandır. Təqaüdə göndərilən 2016-cı ilin modeli ilə müqayisədə onun uzunluğu və eni demək olar ki, dəyişməyib (müvafiq olaraq 4,01 və 1,76 metr), lakin hündürlüyü 9 santimetr artıb və hazırda 1,57 metr təşkil edir.

Təkər bazası cəmi bir santimetr artıb – 2,54 metrə qədər. Hündürlüyə əlavə olaraq, avtomobilin klirensi də artırılıb: daxili yanma mühərrikləri olan versiyalarda bu göstərici demək olar ki, 200 millimetr təşkil edir! Elektromobilin klirensi bir qədər azdır: dartma batareyasının altında təxminən 163 millimetr var. Baqajın tutumu simvolik olaraq 10 litr artaraq 310 litrə çatıb.

Yeni C3 hetçbekinin interyeri, ilk növbədə, “üçmərtəbəli” ön paneli ilə diqqəti cəlb edir. Ən yuxarı səviyyədə, ön şüşənin altında, cihazlar panelinin nazik ekranı yerləşir: indi o, Peugeot avtomobillərində olduğu kimi sükan çarxının üstündə qərarlaşıb.

10,25-düymlük ekranı olan media sistemi opsiyadır: baza versiyasında inteqrasiya olunmuş telefon tutucusu olan sadə audiopleyer quraşdırılır.

Sükan çarxının iri qollarında köməkçi sistemləri idarə etmək üçün nəzərdə tutulmuş çoxlu fiziki düymələr yerləşdirilib. İqlimə nəzarət sisteminin bloku da "analoqdur". Transmissiyanın rejimlərinin selektoru, yeni Peugeot 3008 modelində olduğu kimi sükan qolunda deyil, mərkəzi tuneldə yerləşir.

Bunun səbəbini anlamaq çətin deyil. Bəli, Citroen C3 mexaniki ötürmələr qutusu ilə də təklif ediləcək! Ümumilikdə, yerli jurnalistlər, salon tərtibatibatında tətbiq edilən materialların avtomobilin ucuz qiymətə malik olacağından xəbər verdiyini idda edirlər.

İlk olaraq, elektrik güc qurğusu ilə hərəkətə gələn Citroen e-C3 təqdim edilib: satışların başlanğıcında 113 at qüvvəli elektrik mühərriki olan ön ötürməli versiya təklif ediləcək. Təxminən 1400 kiloqram çəkisi olan belə hetçbek 100 km/saat həddini təqribən 11 saniyəyə yığa biləcək, onun maksimal sürəti isə, 135 km/saata çatacaqdır.

Elektrik mühərriki Çinin Svolt şirkəti tərəfindən təchiz edilmiş 42 kilovat/saatlıq litium-dəmir-fosfat batareyasından qidalanır. Pasport üzrə yürüş ehtiyatı WLTP dövrünə əsasən 320 kilometr təşkil edir. Hetçbek 100 kilovat gücündə daimi cərəyanlı “sürətli” şarjı dəstəkləyir. 

2025-ci ildə modifikasiya çeşidinə daha kiçik tutumlu batareyası və 200 kilometrə qədər yürüş məsafəsi olan daha sadə versiya daxil ediləcək. Puretech ailəsindən olan 100 at qüvvəli 1,2-litrlik benzin turbomühərriki ilə təchiz ediləcək daha iki modifikasiya gözlənilir.

Birinci versiya 5-pilləli mexaniki transmissiya, ikinci isə quraşdırılmış dartma elektrik mühərrikinə malik olan 6-pilləli Punch Powertrain “robotu” ilə təchiz ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Citroen e-C3 Avropanın ən əlçatan elektromobillərindən biri kimi düşünülüb. Kiçik tutumlu batareyası olan ən sadə versiyalar 20 min avrodan aşağı qiymətə satılacaqlar. Lakin satışların başlanğıcında satışa çıxan və 320 kilometrlik mənzili olan versiya üçün 23 300 avro tələb olunacaq.

Ən zəngin təchizata malik olan hetbekin qiyməti isə, 30 min avrodan aşağı olmalıdır. Sifarişlərin qəbuluna 2024-cü ilin birinci rübündə başlanmalıdır. Satışların başlanması isə ilin ikinci yarısına planlaşdırılıb. Avropada satılacaq yeni Citroen C3 modeli xələfinin buraxıldığı Slovakiyadakı zavodda istehsal olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.