Yeni krossover iCar V23 adlanır və 03 modelindən sonra ikinci iCar modelidir. O, Xiaomi şirkətinin kondisionerlər və hava təmizləmə sistemləri üzrə ixtisaslaşan törəmə şirkəti olan Zhimi Technology ilə birgə hazırlanmış birinci avtomobildir. Yeni krossoverin tamölçülü təqdimatı aprelin 12-də baş tutacaq və yenilik bu ilin ikinci yarısında Çin bazarına çıxarılacaq.

iCar V23 bucaqlı kuzovu, iri bamperləri və dairəvi fənərləri olan “yolsuzluq” dizaynı ilə seçilir. O, həmçinin qalın pəncərə dayalarına, işıqlandırılan gizli qapı tutacaqlarına və genişləndirilmiş təkər tağlarına malikdir. V23 modelinin uzunluğu 4220 millimetr, eni - 1915 millimetr, hündürlüyü - 1845 millimetr, təkər bazasının ölçüsü isə, 2730 millimetrdir. Yəni, yenilik iCar 03 modelindən daha qısa, lakin daha geniş və hündürdür. Onun klirensi 212 millimetr, giriş və çıxış bucaqları müvafiq olaraq 43 və 41 dərəcədir.

Image alt Image alt Image alt Image alt Image alt

İnteryer tərtibatında həmçinin düz xətlər üstünlük təşkil edir. Qualcomm Snapdragon 8155 çipi ilə çalışan multimedia sistemi böyük displeylə təchiz edilib, lakin fiziki idarəetmə elementləri - düymələr və şaybalar da var. Avadanlıq siyahısına 2+ səviyyəli avtopilot da daxil olmaqla, “ağıllı” sürücü köməkçiləri daxildir.

iCar V23-ün texniki xüsusiyyətlərinin əksər hissəsi hələ də açıqlanmayıb. Yalnız avtomobilin müvafiq olaraq bir və iki mühərrikli, ön və tam ötürməli versiyalarının olacağı məlumdur. CATL batareyaları 400-500 kilometr məsafə qət etməyə imkan verəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.