Amerika standartlarına görə yığcam sayılan Equinox krossoveri yerli bazarda Chevrolet markasının ən populyar sərnişin modelidir: keçən il 213 min avtomobil satılıb. O, yalnız böyük Chevrolet Silverado pikapıdan (555 min ədəd) geri qalır. Bununla belə, Equinox öz sinfində əsas rəqibi olan Toyota RAV4 krossoverindən (435 min avtomobil) iki dəfə az satılıb.

Odur ki, GM konserninin 2016-cı ildə debüt etmiş üçüncü nəsil Equinox modelini dəyişdirməyə tələsməməsi daha da təəccüblü görünür. Yeni krossoverin keçən ilin yayında Çinin sertifikatlaşdırma orqanının bazasında peyda olmasına baxmayaraq, onun təqdimatı yalnız indi baş tutub.

Şişkin sələfi ilə müqayisədə yeni Equinox atletizmin nümunəsidir. Qaşqabaqlı “üz”, iri təkər tağları və bucaqvari arxa tərəf tamamilə fərqli əhval-ruhiyyə yaradır. Nəsil dəyişdirən krossoverin ümumi ölçüləri demək olar ki, dəyişməz qalıb.

Equinox simvolik olaraq 2 millimetr uzun (4653 millimetr), 58 millimetr enli (1902 millimetr) və 6 millimetr hündür (1667 millimetr) olub. Təkər bazası isə, cəmi 5 millimetr (2730 millimetr) artıb, amma təkər izi 41-43 millimetr (öndə 1620 millimetr, arxada 1622 millimetr) genişləndirilib.

Modifikasiya çeşidinə ilk dəfə olaraq Activ “ofroud” versiyası daxil edilib, baxmayaraq ki, o, digər versiyalardan əsasən dekoru ilə fərqlənir. Equinox Activ böyük qara əlavəsi olan başqa ön bamperi, ofroud şinləri taxılmış 17-düymlük təkər diskləri, eksteryer və interyerin genişləndirilmiş qara bəzəyi ilə seçilir. Heç bir texniki dəyişiklik nəzərdə tutulmayıb.

Ön panelin yeni arxitekturası rəqəmsal cihazlar panelinin (11 düym) və media sisteminin (11,3 düym) birləşdirilmiş ekranlarını ehtiva edir. Sükan çarxı və klimat-kontrol blokunda hələ də fiziki idarəetmə düymələri mövcuddur. 

Transmissiyanın qolu sükanaltı dəstək ilə əvəz edilib və nəticədə mərkəzi tuneldə boş yer peyda olub. Artıq xırda əşyalar üçün əlavə bölmələr var. Baqajın həcmi bir qədər azalıb: 1809 litr əvəzinə 1799 litr (qatlanmış ikinci sıra ilə). Elektron sürücü köməkçilərinin Chevy Safety Assist dəsti artıq standart avadanlığa daxil edilib.

Əvvəlki, üçüncü nəsil Equinox krossoveri satışların başlanğıcında 2,0-litrlik benzin turbomühərriki və ya hətta turbodizel ilə təchiz edilə bilərdi, lakin karyerasının sonuna alternativsiz 1,5-litrlik “turbodördlük” ilə çatıb. Elə bu mühərrik də yeni krossoverə qismət olub. Bu mühərrik 177 at qüvvəsinə malikdir, lakin fırlanma anı transmissiya seçimindən asılıdır.

Ön ötürməli Equinox ilk dəfə olaraq variator ilə təchiz edilir. Bu halda mühərrikin fırlanma anı 250 Nm ilə məhdudlaşdırılır. Tamötürməli krossover ənənəvi səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir - bu halda turbomühərrik 275 Nm hasil edir.

Bundan əlavə, tamötürməli avtomobillərdə daha böyük yanacaq çəni var - ön ötürməli versiyalardakı 52 litr əvəzinə 60 litr. Yedəyə alınan qoşqunun çəkisi 4x4 versiyası üçün maksimum 680 kiloqramdır. Müqayisə üçün, Toyota RAV4 modeli 1587 kiloqramlıq qoşqunu yedəyə ala bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chevrolet hələlik yeni Equinox modelinin satışlarının başlamasının dəqiq tarixini açıqlamayıb, yalnız yeni modeli 2024-cü ildə bazara çıxaracağını vəd edib. Qiymətlər də açılanmayıb. Xatırladaq ki, təqaüdə göndərilən krossoverin ABŞ-dakı satış qiyməti 26,600 dollardan başlayır.

Yeri gəlmişkən, paralel olaraq, Chevrolet Equinox EV elektrik krossoveri də hazırlanır. O, başqa platformada qurulub, tamamilə başqa konstruksiyaya malikdir və bu il Amerika bazarına çıxacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.