2014-cü ildə Maserati şirkəti Cenevrədə GranTurismo MC Stradale platformasının qısaldılmış variantında inşa edilmiş Alfieri 2+2 konseptini təqdim etmişdi. Konsept 460 at qüvvəsinə malik olan 4,7-litrlik V8 mühərrikinə malik idi. Təqdimatdan beş il keçməsinə baxmayaraq Alfieri hələ də prototip olaraq qalır.

Sonradan Maserati 410, 450 və 620 at qüvvvəli V6 mühərrikləri ilə təchiz edilən seriya sportkarını buraxacağını elan etsə də, 2018-ci ilin iyununda italyanlar yenidən Alfieri modelinin istehsal tarixinin növbəti dəfə dəyişdirildiyini bildiriblər. Nəhayət bu günlərdə seriya sportkarının 2020-ci ilin birinci yarısında konveyerə çıxacağı bildirilib. Atalar demişkən - yeməkdənsə ümid yaxşıdır.

Maserati hətta avtomobilin Modenadakı zavodda buraxılacağını da bildirib. Bu məqsədlə istehsalçı bu il zavodun modernləşdirməsini həyata keçirmək fikrindədir. İlkin məlumatlara görə, Alfieri elektronika ilə idarələnən tam çəkiş sisteminə malik olan hibrid sportkar olmalıdır. Avtomobilin tam elektrik variantının buraxılacağı da artıq təsdiqini tapıb. 

Alüminium ramasının əsasında yığılacaq sportkarın kuzovu aktiv aerodinamikaya malik olacaqdır. Maserati yeni sportkarın 100 km/saat həddinə iki saniyəyə sürətlənəcəyini və 300 km/saat maksimal sürət həddinə malik olacağını bildirib. Alfieri modelinin kupe və kabriolet kuzovları ilə də təklif ediləcəyi qeyd olunub. Bundan başqa, 2022-ci ildə Quattroporte sedanının və Levante krossoverinin yeni nəsli, yenilənmiş Ghibli sedanı və D-UV kod adlı ortaölçülü krossover işıq üzü görməlidir.

Image alt Image alt Image alt