Alfa Romeo şirkəti Milano krossoverinin debüt tarixini açıqlayıb. Yeni krossover aprel ayının 10-da təqdim ediləcək. İlkin olaraq, bu modelin Brennero adlandırılacağı ehtimal olunsa da, sonunda italyan istehsalçısı məşhur Milano adı seçilib. Bu ad ilə 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində ABŞ-da arxa ötürməli Alfa Romeo 75 sedanı satılırdı.

Yeni Alfa Romeo Milano krossover, daha doğrusu “şəhər idman avtomobili” (Sport Urban Vehicle, SUV) olacaq. Bu model ilə italyan markası Avropa bazarının B seqmentinə qayıtmalıdır. Alfa Romeo Milano modelinin təqdimatı əlbəttə ki, Milanda keçiriləcək.

Alfa Romeo iyerarxiyasında yeni model Tonale krossoverindən bir pillə aşağıda yerləşəcək, yəni o daha yığcam və daha ucuz olmalıdır. Milano, eyni zamanda, italyan brendinin ilk seriya elektromobili olsa da,onun hibrid versiyası da təklif edilməlidir. Texniki baxımdan yenilik Jeep Avenger və Fiat 600 modellərinə yaxın olmalıdır.

Alfa Romeo Milano krossoverinin STLA Small platformasına (CMP/eCMP) əsaslanacağı artıq məlumdur. Elektrik versiyası çox güman ki, 156 at qüvvəli elektrik mühərriki və 54 kilovat-saatlıq batareya ilə təchiz ediləcək ki, bu da 400 kilometrə yaxın avtonomluq deməkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.