Audi şirkətinin krossoverlər çeşidindəki ən yığcam model olan Q2 krossoveri 2016-cı ildə debüt edib və 2020-ci ildə planlaşdırılmış restaylinqdən keçib. Audi Q2 modelinin gələcək taleyi heç də ürəkaçan deyil: krossoverin ikinci nəslinə İnqolştadt istehsalçısının planlarında yer tapılmayıb.

Bununla belə, cari Audi Q2 krossoveri daha bir neçə il istehsal xəttində qalmalıdır. Odur ki, onun yaşını gizlətmək üçün, Audi yeni bir modernləşdirmə aparıb.

Eksteryer toxunulmaz qalır, lakin əsas yeniliklər interyerdə baş verib. Artıq analoq cihazlar paneli olmayacaq, yığcam krossover standart olaraq 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə çatdırılacaq. Digər mühüm təkmilləşdirmə MMI media sisteminin 8,8-düymlük yeni ekrandır.

Böyüdülmüş ölçüyə (əvvəllər 8,3 düym) malik olan ekran artıq sensorludur. Mərkəzi tuneldəki şayba-kontroller də artıq yoxdur, onun yerini xırda əşyalar üçün nəzərdə tutulmuş bölmə tutur. Multimedianın çevikliyinin və həssaslığının ümumi artımı bəyan edilib.

Digər yeniliklər elektron sürücü köməkçilərindən ibarətdir: yol nişanlarının tanınması və zolaqdan çıxma xəbərdarlığı, həmçinin arxa parkinq sensorları artıq baza təchizatına daxildir.

Texniki yeniləmələr yoxdur, lakin mühərrik çeşidi ixtisara salınıb. Avropada sifariş üçün 1,0 TSI (116 at qüvvəsi) və 1,5 TSI (150 at qüvvəsi) benzin turbomühərrikləri, habelə 2,0 TDI turbodizeli (150 at qüvvəsi) ilə hərəkətə gələn ön ötürməli krossoverlər əlçatandır. 

Kiçik benzin mühərriki yalnız altı pilləli mexaniki transmissiya ilə təchiz edilir. 1,5-litrlik mühərrik üçün yeddi pilləli S tronic "robotu" nəzərdə tutulub, dizel mühərriki üçün isə, “robot” alternativsizdir. 2,0-litrlik benzin turbomühərriki və tam ötürmə yalnız Audi SQ2 top versiyasının imtiyazıdır. “Bərkgedən” versiya hələlik yenilənməyib.

Yenilənmiş krossoverlər diler salonlarında cari lin birinci yarısının sonuna qədər peyda olmalıdırlar. Krossoverin qiyməti 28 600 avrodan (52 600 manat) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.