İki həftə əvvəl Fisker şirkəti perspektivli modellərin təqdimatını keçirib, indi isə, ardıcıl olaraq ətraflı məlumatları dərc edir. Fisker Ronin kabrioletinə dair yeni məlumatlar keçən həftə açıqlansa da, kifayət qədər ətraflı olmayıb. İndi isə, Fisker Alaska pikapının növbəsi gəlib çatıb və tərtibatçıları onu təvazökarlıqdan kənar olsa da, tərcüməyə ehtiyacı olmayan "Super sport pickup truck" kimi səciyyələndiriblər.

Pikap Fisker Ocean krossoverinin əsasında hazırlanıb. Təkər bazasının artması və digər zəruri düzəlişlər səbəbindən platformanın indeksi FM29-dan FM31-ə dəyişdirilsə də, hər iki model ümumi kabin çərçivəsi və şassi konstruksiyasına malikdir. Pikapın ön hissənin dizaynı dəyişdirilib, arxaya quraşdırılmış yük bölməsi ümumi uzunluğu 4,8-dən 5,3 metrə qədər artırıb. Yəni, Alaska iri Rivian R1T və ya Ford F-150 Lightning elektrik pikaplarının deyil, daha yüngül Ford Maverick və ya Hyundai Santa Cruz pikaplarının sinif yoldaşıdır.

Yük platforması genişləndirilmiş transformasiya imkanlarına malikdir. Kabinənin arxa divarı, içərisidəki  şüşə ilə birlikdə aşağı endirilə bilər – belə arakəsmə üçün kuzovun döşəməsinin altında üzəri başqa panellə örtülən xüsusi bir bölmə nəzərdə tutulub. Lakin videorenderlərdən birində arakəsmənin ikinci sıranın oturacaqlarının kürək hissəsi ilə birlikdə sadəcə önə qatlandığını göstərilir. Çox güman ki, tərtibatçılar hər iki variantı da nəzərdən keçirirlər və hələlik yekun qərar qəbul etməyiblər.

İstənilən halda, arxa divar yığışdırıldıqda və oturacaqlar qatlandıqda, yük bölməsinin uzunluğu 1,37-dən 2,29 metrə qədər artır. Açılmış yük qapısı ilə birlikdə 2,8 metr uzunluğunda vahid yük platforması əmələ gəlir. Ön baqaj da mövcuddur, lakin onun həcmi hələlik dəqiqləşdirilməyib. Eləcə də, bir çox digər parametrlər.

Pikapın salonu ümumiyyətlə krossoverin salonu ilə eynidir, lakin özünəməxusus xüsusiyyətlərə malikdir. Sərnişinin qarşısındakı ön paneldə iş planşeti üçün yığışdırıla bilən tutacaq, mərkəzi tuneldə isə nəhəng şüşə saxlayıcısı quraşdırılıb. Ön oturacaqların arxa tərəfində kiçik inventar üçün kəmər-tutacaqlar, tavanda isə şlyapa üçün tutacaq var.

Fisker Alaska pikapının 75 və ya 113 kilovat-saatlıq dartma batareyaları ilə təklif ediləcəyi bildirilib. Fərqli versiyalar üçün yürüş məsafəsi 370 ilə 550 kilometr arasındadır. Mühərriklər haqqında hələlik heç bir məlumat yoxdur, lakin onların Ocean krossoverindən götürülməsi ehtimalı böyükdür: bildiyimiz kimi, krossover ön ötürməli (279 at qüvvəsi) və ya ikimühərrik ilə təmin edilən tam ötürməli (475 at qüvvəsi) ola bilər. Bununla belə, pikapın 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə vaxtı elan edilib: baza versiyası bu işə 7,2 saniyə, top versiya isə 3,9 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapların buraxılması 2025-ci ilin birinci rübünə planlaşdırılır, lakin Ocean Avstriyada istehsal olunursa (müqavilə əsasında Maqna Steyr zavodunda), Alaska ABŞ-da qeydiyyata düşəcək. Pikapların GM konserninin Ohayodakı keçmiş zavodunda buraxılması planlaşdırılır: bu zavod əvvəlcə Lordstown Motors startapına satılıb, sonra isə Tayvanın Foxconn şirkəti tərəfindən alınıb. Alaska pikapının başlanğıc qiyməti də açıqlanıb: 45 400 dollar. Xatırladaq ki, Ocean krossoverinin baza versiyası üçün ən azı 37 500 dollar tələb olunur. Sifarişlərin qəbuluna artıq start verilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.