Porsche şirkəti Macan elektrik krossoverinin arxa hissəsi üzərindəki sirr pərdəsini qismən qaldırıb. Brendin rəsmi saytında Macan EV krossoverinin təqdimatının 2024-cü il yanvarın 25-nə planlaşdırıldığı bildirilir. Alman istehsalçısı debüt tarixi ilə yanaşı, elektrokarın arxa hissəsinin eni boyu uzanan nazik arxa işığı və yuxarı qalxan spoyleri göstərilən yeni tizeri də dərc edib. Spoyler daha yaxşı aerodinamikanı əldə etmək üçün müəyyən sürətlərdə açılacaq.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Porsche elektrik krossoverinin aerodinamik müqavimət əmsalının 0,25 olacağını bəyan edib. Xatırladaq ki, benzin krossoverində bu əmsal 0,35 təşkil edir.

Porsche Macan EV modelinin daimi maqnitli elektrik mühərriklərini alacağı, güc qurğusunun hasilatının 610 at qüvvəsi və 1000 Nm fırlanma anına çatacağı məlumdur. Dartma qüvvəsinin dinamik paylanmasına cavabdeh olan Porsche Traction Management elektron sistemi də bəyan edilib. Bundan başqa, elektrik krossoveri pnevmatik asqını və Macan modelinin tarixində ilk dəfə olaraq, beş dərəcəyə qədər dönə bilən arxa təkərlər ilə təchiz ediləcək.

Macan EV 95 kilovat-saatlıq litium-ion batareyasını alacaq ki, belə tutum təxminən 500 kilometr məsafə qət etməyə imkan verməlidir. Batareyanın 400 voltluq terminaldan 10 faizdən 80 faizə qədər doldurulmasına 22 dəqiqə kifayət edur. 11 kilovata qədər gücə malik olan dəyişən cərəyanlı şarj cihazından istifadə imkanı da nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu müddət ərzində Porsche elektrik Macan krossoverini müxtəlif temperatur şəraitində sınaqdan çıxarıb. Elektromobil Skandinaviyada mənfi 30, Kaliforniyada isə müsbət 50 dərəcədə aktiv şəkildə sınaqdan keçirilib. Üstəlik, sınaqlar təkcə asfalt yollarda deyil, həm də yolsuzluqda, çınqıl, qar və buz üzərində də aparılıb.

Porsche Macan EV krossoverinin satışlarına bu il start verilməlidir. Elektrokar benzin mühərrikli krossover ilə paralel olaraq satılacaq. Böyük ehtimalla, Macan elektrik krossoveri Azərbaycanda da təklif ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.