Amerikalı jurnalistlər “batareyalı” Dodge Charger Daytona modelinin dəqiq xüsusiyyətlərini öyrənməyə müvəffəq olublar. Bir sıra parametrlərinə görə yeni model tamölçülü ofrouderləri belə üstələyir: kupenin uzunluğu 5248 millimetr, boş çəkisi isə, 2648 kiloqramdır. Müqayisə üçün qeyd edək ki, BMW X7 krossoverinin uzunluğu 5172 millimetr, arxa ötürməli Cadillac Escalade ESV ofrouderinin çəkisi isə, 2624 kiloqramdır!

Yeni Dodge Charger Daytona modelinin eni 2028 millimetr təşkil edir: indi əzələ avtomobili Lamborghini Aventador superkarından cəmi iki millimetr ensizdir. Tərəqqinin minimal olduğu yeganə şey avtomobilin hündürlüyüdür - 1499 millimetr. Kupenin aşağı ağırlıq mərkəzi və heyranedici dayanıqlılığı ilə seçiləcəyini gözləmək olar.

Yeni nəsil Charger Daytona tam ötürməli olacaq: elektromobil 503 və ya 680 at qüvvəsinə, sıralı “turboaltılıq” ilə təchiz edilən benzin versiyası isə, 426 və ya 558 at qüvvəsinə malik olacaq. Ən sürətli versiya 60 mil/saat (97 km/saat) həddini 3,3 saniyəyə toplayacaq. Amerikan EPA standartına əsasən, kupenin yürüş ehtiyatı 418 - 510 kilometr arasında olmalıdır. Lakin dartma batareyası 400 voltluqdur, ona görə də sürətli şarjı gözləmək lazım deyil.

İlkin olaraq satışa Dodge Charger Daytona elektrik kupesi çıxacaq: elektrokar 2024-cü ilin payızında diler salonlarında peyda olmalıdır. 2025-ci ilin yazına qədər model çeşidinə beşqapılı liftbək və benzin modifikasiyaları daxil ediləcəklər. Yeni Charger modelinin satış qiyməti yayda açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.