Növbəti nəsil BMW 5 Series ailəsi və X1 krossoveri tamamilə elektrik enerjisi ilə hərəkətə gələn versiyaya sahib olacaqdırlar. Bu barədə alman konsernindəki mənbələrinə istinadən Carscoops saytı xəbər yayıb.

Saytın bildirdiyinə görə, hər iki model yeni elektrik modifikasiyaları ilə yanaşı, ənənəvi daxili yanma mühərriki və hibrid güc qurğuları ilə təchiz edilmiş versiyalara sahib olacaqdırlar. Yeni elektrik güc qurğusu haqqında heç bir texniki məlumat verilməsə də, BMW 5 Series ailəsi və X1 krossoveri, bir müddət bundan öncə debüt edən iX3 krossoverindən götürülmüş elektrik güc qurğusunu ala biləcəkləri söylənilir.

BMW iX3 modeli arxa oxda yerləşən, 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Elektromobil 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 180 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Elektromobil 80 kilovat-saatlı batareya ilə təchiz edilsə də, bu tutumun yalnız 74 kilovat-saatı əlçatandır. BMW iX3 modelinin yürüş ehtiyatı 460 kilometr (WLTP) təşkil edir. 

Sıfır emissiyalı 5 Series və X1 modelləri, BMW şirkətinin zərərli tullantıların səviyyəsinin azaldılması və model xəttini elektrikləşdirilməsi üzrə qəbul etdiyi 10-illik planının tərkib hissəsidir. Gələn ilin sonunda konsernin "yaşıl" xəttində beş model təmsil olunacaqdır: bunlar iNext və iX3 krossoverləri, i4 sedanı, həmçinin i3 və Mini Cooper SE hetçbekləridir. 2023-cü ilə qədər BMW şirkəti 25 hibrid və elektrik nəqliyyat vasitəsini təqdim etməyi planlaşdırır.

Bu yaxınlarda BMW şirkəti məişət elektrik şəbəkəsindən qidalanan 5 Series sedanını nümayiş etdirib. Sedan, ümumi hasilatı 720 at qüvvəsi və 1150 Nm fırlanma anı təşkil edən üç elektrik mühərriki ilə hərəkətə gəlir. Mühərriklər cərəyanı 45 kilovat-saat tutumu olan batareyadan alırlar.