BMW şirkəti 8 Series model xəttini genişləndirməyə davam edir. Artıq, alman istehsalçısı bu seriyadan olan kupe və kabrioleti, həmçinin bu modellərin “bərkgedən” varinatı olan M8 versiyalarını da təqdim edib. Bununla belə, bu günlərdə 8 Series ailəsinin üçüncü debüt etməlidir. Söhbət BMW 8 Series Gran Coupe modelindən gedir.

Mercedes-Benz CLS və Porsche Panamera modelləri ilə rəqabət aparacaq 8 Series Gran Coupe modelinin ilk şəkilləri bu gün İnternet şəbəkəsində peyda olublar. Sızdırılmış rəsmi şəkillərdən də göründüyü kimi, yeni dördqapılı fastbekin dizaynı ikiqapılı kupedən elə də fərqlənməyəcəkdir. BMW 8 Series Gran Coupe modelinin daha geniş bazaya malik olduğu və bunun sayəsində də əlavə iki qapının quraşdırıldığı diqqəti çəkir. Bu isə, öz növbəsində fastbekin daha geniş salon təklif edəcəyindən xəbər verir. Qeyd etmək lazımdır ki, Gran Coupe 8 Series ailəsinin ən iri və bahalı üzvü olacaqdır.

Image alt Image alt Image alt

Alman istehsalçısı 8 Series Gran Coupe modelinin 840d xDrive və M850i xDrive versiyalarında təklif ediləcəyini bildirib. Hazırda BMW 8 Series kupe və kabrioleti də iki modifikasiyada təklif edilir: M850i xDrive və 840d xDrive. Birinci model 4,4-litrlik V8 benzin biturbomühərriki, ikinci isə 3.0-litrlik dizel mühərriki ilə təchiz edilir. Benzin mühərriki 530 at qüvvəsi və 750 Nm fırlanma anına, dizel mühərriki isə 320 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edir. Güc aqreqatları səkkiz pilləli Steptronic avtomatik qutusu ilə tandemdə çalışır.