Dizel qalmaqalının meydana gəlməsinə qədər dizel aqreqatları dünyada ən tələb olunan mühərriklərdən biri idi. Volskwagen qrupunun dizel mühərrikləri ilə bəlaya düşməsindən sonra bir sıra istehalçılar “ağır” yanacaqla çalışan aqreqatlardan imtina etməyə başlayıblar.

Keçən həftə məşhur idman avtomobilləri istehsalçısı olan Porsche şirkəti dizel mühərriklərindən tamamilə imtina etdiyini və elektrikləşdirməyə istiqamət götürdüyünü bildirib. Üstəlik, yeni qəbul edilən WLTP normalar nəinki dizel aqreqatlarını, hətta mövcud olan bir sıra benzin mühərriklərini qanundankənar edir.

Bir sıra avtomobil istehsalçılarının dizel aqreqatlarına şübhə ilə yanaşdığı bir zamanda BMW şirkəti dizel mühərriklərindən imtina etmək fikrinin olmadığını bəyan edib. Münhen istehsalçısı “ən yaxşı” dizel mühərriklərinə sahib olduğunu və onların yüksək potensialından sona qədər istifadə olunmadığını bildirib.

Paris avtosalonunda “GoAuto” nəşrinə müsahibə verən BMW AG konserninin Direktorlar şurasının üzvü Klaus Frolix alman markasının dizel mühərriklərinə sadiq olduğunu, belə mühərriklərin benzin və elektrik aqreqatları ilə yanaşı mövcud ola biləcəyini söyəlib. O eyni zamanda, şirkətin dizel mühərriklərinin ən aşağı tullantılar səviyyəsinə malik olduğunu da xüsusi ilə vurğulayıb.

Buna baxmayaraq, hər şey alman şirkəti üçün o qədər də parlaq deyildir - dörd və altı silindrli mühərriklərinin taleyinin məlum olması ilə yanaşı, BMW M550d xDrive modelində təklif edilən 3,0-litrlik altısilindrli dizel aqreqatının başı üzərində qara buludlar toplaşmaqdadır. Bu mühərrikin yeni normaların tələblərinə uyğunlaşdırılmaq üçün böyük vəsait qoyuluşu tələb edilir.  Lakin, bu seqmentdəki satışların cüzi miqdarda olması vəsait qoyuluşunu qeyri effektiv edir.