2021-ci ildə Mercedes-Benz şirkəti dünya üzrə 2,05 milyon avtomobil satıb. İlin nəticələrinə görə, Mercedes avtomobillərinin satışı 5% azalıb, dördüncü rübdə isə azalma 25% təşkil edib ki, bunun da başlıca səbəbi istehsalı yavaşladan yarımkeçiricilərin çatışmazlığı olub. Beləliklə, son beş ildə ilk dəfə Mercedes-Benz şirkəti ən populyar premium markaların siyahısında birinciliyi BMW şirkətinə verməyə məcbur olub. Bavariyalılar 2021-ci ildə 2,2 milyon avtomobil satmağa müvəffəq olublar.

Mercedes-Benz şirkətindən satışların əsas drayverlərindən birinin qoşulan hibridlər və elektrokarların olduğu bildirilib. Şirkət 227.458 ədəd “yaşıl” avtomobil satmağa müvəffəq olub ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 69% çoxdur. Bu avtomobillərdən 48.936 ədədi  EQ xəttindən olan modelləridir. Onların arasında satışları dekabr ayında başlayan və 16.370 nüsxəlik tirajla satılmış flaqman EQS elektrik sedanı da var.

Yarımkeçiricilərin çatışmazlığı fonunda Mercedes-Benz şirkəti diqqətini daha gəlirli modellərin buraxılmasına yönəldib: məsələn, satışları 40% artmış Mercedes-Benz S-Class sedanı, dəbdəbəli Mercedes-Maybach (+ 51%) və “bərkgedən” Mercedes-AMG (+17%) modelləri.

Regionlara gəldikdə isə, Mercedes-Benz şirkətinin satışları Avropada 11%,  Almaniyada 25%, Asiyada 1,6%, dünyanın ən böyük bazarlarından olan Çində isə 2% aşağı düşüb.  Bir sıra bazarlarda isə, cüzi də olsa artım qeydə alınıb – ABŞ və Kanadada 2020-ci illə müqayisədə 0,3% daha çox avtomobil satılıb.

Bununla belə, Mercedes-Benz şirkətinin 2022-ci olan proqnozları heç də optimistik deyil. Belə ki, alman şistehsalçısı ehtiyat hissələrinin tədarükü ilə vəziyyətin qeyri-sabit olduğunu və bunun yaxın rüblərdə istehsal və satışlara heç də yaxşı təsir göstərməyəcəyini bəyan edib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.