12 il bundan öncə işıq üzü görən BMW X6 krossoveri kupeşəkilli krossoverlər sinifinin pioneridir. Bu müddət ərzində X6 modeli 443 min tirajla satılıb. Qeyd etmək lazımdır ki, satış göstəricilərinə görə X6 modeli hələ də BMW X5 krossoverindən geri qalır. Lakin bu, onun populyar olmadığı anlamına gəlmir.

Dünən yeni modelin eksteryer dizaynı üzərindəki sirr pərdəsini götürən şəkilləri dərc etmişdik. Bu gün isə,  alman istehsalçısı X6 krossoverinin üçüncü nəslini rəsmən təqdim edib. Yeni modelin ən maraqlı cəhəti onun işıqlanan “burunlarıdır”. Opsiya avadanlığı siyahısına daxil olan bu funksiya qapı kilidlərinin açılması zamanı işə düşür. Bununla belə, onu məcburi şəkildə də aktivləşdirmək olar. Yaxın zamanlarda Bakı küçələrində işıqlanan radiator barmaqlığı ilə hərəkət edən X6 modelinə rast gəlsəniz, təəccüblənməyin. Əlbəttə ki, bu opsiya daim diqqət mərkəzində olmağı sevən azərbaycanlılar üçün göydəndüşmədir.

Yeni BMW X6 modelinin ölçülərinə gəldikdə isə, yeni krossover sələfindən bir qədər iri olub: onun qabarit uzunluğu və eni, müvafiq olaraq, 26 və 15 mm artıb, hündürlüyü isə əksinə 6 mm azalıb. Beləliklə X6 modelinin ölçüləri 4935x2004x1696 mm təşkil edir. Təkər bazası da 42 mm genşlənərək 2975 mm bərabər olub.  Avtomobil standart olaraq LED fənərlər ilə təchiz edilsə də, opsiyalar siyahısında lazer-lyuminofor uzaq işıqları da vardır. Təkər disklərinin dizametri 19-dan 22 düymə qədər olan diapazonu əhatə edir.

İnteryer, ehtimal etdiyimiz kimi, X5 modeli ilə eynidir. Burada 12,3-düymlük virtual cihazlar panelini, məsafədən yenilənən OS 7.0 multimedia sistemini və standart təchizata daxil olan idman kreslolarını görmək olar. Opsional panoram tavanının sahəsi 83% artırılıb. Bundan başqa, arxa sərnişinlər üçün əyləncə sisteminin displeylərini, qızdırılan və soyudulan stəkanaltıları və daxili işıqlandırması olan şüşə elementlərini sifariş etmək olar. Sonunculara “avtomatın” selektoru, iDrive sisteminin şaybası, səsi tənzimləmə düyməsi və star/stop düyməsi aiddir.

Avtomobilin baqaj həcmi əvvəlki kimi 580 litrlikdir. İkinci cərgənin açılması halında bu rəqəm 1525 litrə çatır. Arxa oturacaqların kürək hissəsi 40:20:40  nisbətində bölünür.

Texniki cəhətdən X6 modeli X5 ilə bənzərdir. Hər iki avtomobil CLAR modul platformasında inşa edilib. Avtomobil öndə ikiqollu, arxada isə çoxqollu asqıya malikdir. Asqının baza variantı yay və adaptiv amortizatorlardan ibarətdir. Opsional olaraq, tam pnevmatik asqını da sifariş etmək olar.  Xatırladaq ki, əvvəlki X6 modelində pnevmatik balonlar yalnız arxada quraşdırılırdı. Bundan başqa, avtomobili tam idərələnən şassi və aktiv arxa stabilizatorla da sifariş etmək mümkündür.

Yeni X6 üçün təklif edilən M Sport dəstinin tərkibinə xarici kuzov dəsti, salonun “idman” tərtibatı, yenidən tənzimlənmiş M-asqı, xüsusi buraxılış sistemi və elektronika ilə idarələnən arxa differensial daxildir. Alternativ olaraq xOffroad dəsti də təklif edilir. Bu dəstin tərkibinə altlığın gücləndirilmiş müdafiəsi, arxa differensialın qapanması, pnevmoasqı və hərəkət elektronikasının bir neçə spesifik rejimi daxildir. Ayrıca, kandar və bamperlərdə örtmələrin quraşdırılmasını nəzərdə tutan xLine dəstini də sifariş etmək olar.

İlk zamanlarda BMW X6 dörd modifikasiyada təklif ediləcəkdir. Bütün modifikasiyalar səkkiz pilləli “avtomat” və ön oxu qoşan xDrive tam ötürmə sistemi ilə təchiz ediləcəkdirlər. Başlanğıc xDrive30d versiyası 265 at qüvvəli 3,0-litrlik altı silindli turbodizel ilə təchiz olunur. Onun ardınca 340 at qüvvəli 3,0-litrlik benzin R6 turbomühərrikinə malik olan X6 xDrive 40i və 400 at qüvvəsi hasil edən dörd turbokompressorlu 3,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş X6 M50d variantları gəlir. Top modifikasiya olan BMW X6 M50i modeli isə 530 at qüvvəsi hasil edən 4,4-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Bu model 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənir ki, bu da əvvəlki X6 M modelində olduğundan 0,1 saniyə azdır. Yeri gəlmişkən X6 M modeli də yaxın zamanlarda yenilənməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektron sistemlərə gəldikdə isə, bu sahədə də X6 modeli X5 krossoverini təkrar edir. Model, avtomobili zolaqda saxlayan, sürücünün göstərişi ilə ötmələr edən və öndəki avtomobillə məsafəni qoruyan kvaziavtopilotla təchiz edilir. Mütərəqqi avtoparklama sistemi isə, keçilmiş son 50 metri yadda saxlayaraq, eyni marşrutla geri qayıtmağa hər an hazırdır.

Üçüncü nəsil BMW X6 modelinin istehsalına avqust ayında Spartanburqdakı zavodda başlanacaqdır. Satışlar noyabrda start götürəcəkdir.