Bakı Nəqliyyat Agentliyi paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlayıb. Layihənin ilk mərhələsi M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olan çatışmazlıqlar aradan qaldırılacaqdır. Həmçinin, yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcəkdir. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcəkdir.

Layihəyə uyğun olaraq, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması artıq tətbiq edilibdir. Davamlı olaraq, nəzərdə tutulan digər kəsişmələrdə də analoji nişanlanma işləri aparılmaqdadır.

BNA-nın ilkin hesablamalara əsasən, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşmalıdır. Yolların nəqliyyatı buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcəkdir. Bu, öz növbəsində, hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.