Keçən həftənin sonuncu iş günü Cadillac şirkəti «qaynar» CT4-V və CT5-V modellərini təqdim edib. Hər iki avtomobil opsional tam ötürmə sistemi, idman asqısı, 10 pilləli avtomatik ötürmələr qutusu və yüksək sürtünməli arxa differensialı olan arxaçəkişli Alpha 2 platformasında inşa ediliblər.

Cadillac CT4-V 325 at qüvvəsi hasil edən 2,7-litrlik dördsilindrli turbomühərrik, CT5-V isə 360 at qüvvəsinə malik olan 3,0-litrlik V6 biturbomühərriki ilə təchiz edilirlər. Əslində, bu güc xarakteristikaları heç də V-modellərin  xas olan göstəricilər deyil. Bir çoxları yeni «qaynar» modellərin xələfləri kimi daha güclü mühərriklərə sahib olacağını gözləyirdilər və təqdim edilən V-modelləri bizi bir qədər təəccübləndiriblər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Görünən odur ki, Cadillac bizim üçün yeni sürprizlər hazırlayıb. Keçən həftənin sonunda Chevrolet Detroit Grand Prix yarışında göstərilmiş sirli prototiplər birbaşa buna işarə edir. Ən maraqlısı odur ki, kamuflyajlı prototipləri trekə General Motors konserninin prezidenti Mark Roys və vitse-prezidenti Ken Morris çıxarıblar. Avtomobillər iri splitterləri olan ön hissəsi və kuzovdakı xırda detallar ilə seçilirlər. 

Əvvəllər də ehtimal edildiyi kimi, bu modellərin daha güclü variantları 640 at qüvvəli V8 Blackwing mühərriki ilə təchiz edilə bilər. Hər halda, Cadillac CT6-V modelinin 275 nüsxəlik tirajının qısa müddət ərzində satılması GM rəhbərliyini buna sövq edə bilər.