Çinin Chery şirkəti yenilənmiş Tiggo 8 krossoverinin interyerini nümayiş etdirib. Model multimedia sisteminin iri displeyinə, idman sükan çarxına, havalandırma qurğusunun iki yumru düyməsi olan sensorlu panelinə və transmissiyanın elektron coystikinə sahib olub.

Yeddiyerli Chery Tiggo 8 modelinin plan üzrə yenilənməsi adi restaylinqin sərhədlərini aşıb. Əgər krossoverin eksteryerində baş vermiş dəyişikliklər elə də gözə çarpmasa da, salon tamamilə yenilənibdir. Ön panelin, mərkəzi tonnelin, qapı panellərinin və idarəetmə orqanlarının dizaynı dəyişibdir. Ən gözəçarpan yeniliklər isə, ötürmələr qutusunun qövs formal selektoru, klimat-kontrolun rəqəmsal bloku, virtual cihazlar paneli və “idman” sükan çarxıdır.

Tiggo 8 modelinin eksteryerində baş verən dəyişikliklər yeni radiator barmaqlığından, dəyişdirilmiş bamperdən, dinamik dönmə işıqları olan ön LED fənərlərdən və dördseksiyalı duman fənərlərindən ibarətdir. Bundan başqa, Chery Tiggo 8 orijinal 18-düymlük təkər diskləri ilə təchiz edilir.

Çində Chery Tiggo 8 197 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən yeni 1,6-litrlik TGDI Acteco mühərriki ilə təchiz edilir. Güc aqreqatı Getrag istehsalı olan iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışır.