General Motors konserni çoxdan gözlənilən Bolt EV krossoverinin növbəti tizerini dərc edərək, elektromobilin gələn ay təqdim olunacağını təsdiqləyib. Chevrolet Bolt EUV modelinin bu ilin yayında satışa çıxacağı gözlənilir.

Videoda, ilk dəfə Chevrolet loqosunu daşıyan avtomobildə quraşdırılacaq GM Super Cruise avtopilotunun düymələri olan sükan çarxı və cihazlar panelinin ekranında göstərilən məlumatlar nümayiş olunur. Məhz bu məlumatlar diqqəti ən çox cəlb ediblər - çünki, ekranda elektrokarın yürüş ehtiyatı barədə məlumat göstərilir.

Beləliklə, avtomobilin kompüteri 235 mil (378 kilometr) yürüş ehtiyatının qaldığını, batareyanın isə təxminən 85 faizinin dolu olduğunu bildirir. Ümumiyyətlə, bir çox elektromobillərdə batareyanın resursunu qorumaq üçün, cərəyan səviyyəsi qəsdən bu həddə məhdudlaşdırılır. Uzaq səyahətlərdən əvvəl, 100% cərəyana ehtiyac olduqda, bu məhdudiyyət aradan qaldırıla bilər.

Bizim fərziyyəmiz düzgündürsə, maksimum cərəyan ilə psevdokrossoverin qət edəcəyi məsafə 442 kilometr olmalıdır. Bu, EPA metodikasına əsasən 417 kilometr qət edə bilən Bolt hetçbekində olduğundan 25 kilometr çoxdur.

Eyni zamanda, krossover hetçbekdən daha hündür və böyük ehtimalla daha ağırdır. Bunların hər ikisi də enerji istehlakını artırır. Beləliklə, yürüş ehtiyatının çox olmasının yalnız iki izahı var: ya GM videoda elektromobilin real parametrləri ilə heç bir əlaqəsi olmayan rəqəmləri göstərib, və yaxud Bolt EUV modeli hazırkı hetçbek ilə müqayisədə daha iri tutumlu batareyaya sahib olacaqdır.

Qeyd etmək gərəkdir ki, orijinal Bolt hetçbekini də tezliklə ciddi yenilənmə gözləyır. GM konserninin yeni batareya hazırladığını da istisna etmək olmaz - eyni ölçülərə malik olan batareya təkmilləşdirilmiş “kimiyası” sayəsində daha iri tutuma sahib ola bilər.