Citroen şirkəti C3 Aircross modelinin yeni top versiyasını hazırlayıb. Fransız istehsalçısının Böyük Britaniyada təklif etdiyi model çeşidi məşhur Avstraliya sörf brendi ilə əməkdaşlıqda yaradılmış Rip Curl versiyası ilə genişləndirilib. Belə avtomobillər dizaynı, interyer tərtibatı, eləcə də təchizatı ilə seçilir. C3 Aircross Rip Curl modeli artıq “bazada” panoram lyuk, Advanced Comfort oturacaqları və preyeksiya displeyi ilə təchiz edilir.

Citroen C3 Aircross modelinin yeni top versiyası Shine Plus təchizatlı krossoverə əsaslanır və Avstraliyanın məşhur sörf brendi olan Rip Curl ilə əməkdaşlıqda yaradılıb. Bu, iki brendin ilk birgə işi deyil. Məsələn, 2017-ci ildə Spacetourer Rip Curl Concept kempervanı təqdim edilmiş, 2020-ci ildə isə, C4 Cactus Rip Curl subkompakt krossoveri Latın Amerikası bazarına çıxarılmışdı (bundan əvvəl o, bir neçə il Böyük Britaniyada satılmışdı). C4 modelində olduğu kimi, “sörfer” C3 Aircross krossoveri də xüsusi dekoru və təchizatı ilə seçilir.

“Sörfer” krossoveri üçün dörd kuzov rəng təklif edilir: standart ağ Polar White, Qara Perla Nera Black, boz Platinum Grey və Cumulus Grey. Avtomobil 17-düymlük qara rəngli Origami diskləri, Anodised Blue staylinq paketi (bamper və yan güzgülərdəki mavi əlavələr) və panoram lyuk ilə təchiz olunub. Rip Curl versiyasının standart təchizatına dəri və parça ilə üzlənmiş Advanced Comfort oturacaqları, proyeksiya displeyi və təkmilləşdirilmiş mediasistem daxildir, lakin  Grip Control dartmaya nəzarət sistemi üçün əlavə ödəniş tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Citroen C3 Aircross Rip Curl modelinin mühərrik çeşidinə 1.2 PureTech benzin “türboüçlükləri” daxildir. Onlar 110 (205 Nm) və 130 at qüvvəsi (250 Nm) hasil edir, altı pilləli mexaniki və avtomatik transmissiyalarla tandemdə çalışırlar. 110 at qüvvəli 1.5 BlueHDi dizel mühərriki yalnız mexaniki ötürmələr qutusu ilə təklif olunur. Böyük Britaniyada kiçik krossoverin qiymətləri 23 815 ilə 24 985 funt sterlinq arasında dəyişir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.