2018-ci ildə müstəqil istehsalçıya çevrilən Cupra markası illik istehsal həcmini 500 min avtomobilə çatdırmağı hədəfləyir. Bu, indiyədək cəmi 200 min avtomobil satmış şirkət üçün cəsarətli bir plandır. Bu ideyanı həyata keçirmək üçün model xəttini nəzərəçarpacaq dərəcədə genişləndirmək tələb olunur.

Qeyd etmək lazımdır ki, belə modellərdən biri Cupra tərəfindən Unstoppable Impulse tədbirində nümayiş etdirilən Terramar krossoveri olacaqdır. O, adını Barselona yaxınlığındakı sahil şəhərindən alıb. Çox güman ki, Terramar krossoveri ispan brendinin Cupra2 strategiyası çərçivəsində bu ilin fevralında elan etdiyi iki yenilikdən biridir.

Texniki cəhətdən Cupra Terramar növbəti nəsil Audi Q3 krossoverinin analoqu olacaq və Volkswagen Group konserninin Macarıstandakı zavodunda buraxılacaqdır. Krossoverin uzunluğunun 4,5 metrə çatacağı və onun versiyaları arasında plagin hibrid versiyasının olacağı da məlumdur.

Elektromobil rejimində krossover təxminən 100 kilometr məsafə qət edə biləcəkdir. Sırf benzin variantları da nəzərdə tutulub və görünən odur ki, onlar sözün əsl mənasında ən son nəsil güc aqreqatlarını alacaqlar, çünki alman konserni daxili yanma mühərriklərinin yaradılmasından tədricən imtina edir.

Konkret olaraq, Cupra bu onilliyin sonunda tamamilə elektrik ötürməsinə keçəcəkdir.

Terramar modelindən əlavə, Cupra daha üç yeni modeli hazırlayır və onların arasında Tavascan elektrik krossoveri və yığcam UrbanRebel elektrik hetçbeki də var. Bundan əlavə, Ateca, Born, Formentor və Leon modellərinin daxil olduğu cari model xətti də tamamilə yenilənməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.