Daimler AG konserni "şirkətin təkmilləşdirilməsi və qlobal bazarda ona olan tələbatı artırmaq" strategiyasının bir hissəsinə çevrilən rebrendinqi elan edib: konsernin adı Mercedes-Benz Group AG olaraq dəyişdirilib. Rəsmi açıqlamada daxili addəyişmə prosesinin hələ yanvarın 29-da başa çatdığı deyilir - bu, Karl Benzin daxili yanma mühərrikli ilk avtomobili patentləşdirdiyi tarixə (29 yanvar 1886-cı il) təsadüf edir. 1 fevral 2022-ci il tarixində isə, yeni ad ticarət reyestrinə daxil edilib.

Daimler konserninin restrukturizasiyası onun idarə heyətinin sədri Ola Kellenius tərəfindən hələ 2021-ci ildə Daimler Truck yük bölməsinin ayrılması ilə başladılıb. Konsernin adının Mercedes-Benz Group AG olaraq dəyişdirilməsi bu restrukturizasiyanın yekun mərhələsidir. 1 fevral tarixindən etibarən alman şirkəti həm avtomobillər, həm də avtomobil istehsalçısı üçün vahid ticarət markasından istifadə edir ki, bu da Daimler AG və Daimler Truck AG şirkətlərinin səhmləri arasındakı qarışıqlığa son qoymalıdır.

Kelleniusun sözlərinə görə, Mercedes-Benz Group AG konserninin loqotipi kimi, üçşüalı ulduz olan ənənəvi emblemdən istifadə olunacaqdır ki, bu da avtomobil istehsalçısının cəlbediciliyini artırmalıdır. O, həmçinin şirkətin elektromobillər istiqamətini fəal şəkildə inkişaf etdirəcəyini və “bazar şəraiti imkan verərsə” 2030-cu ilin sonuna qədər tam şəkildə elektrik nəqliyyat vasitələrinin istehsalına keçəcəyini vurğulayıb.

Amerikanın Interbrand konsaltinq firmasının məlumatına görə, Mercedes-Benz ən bahalı avtomobil şirkətləri üçlüyünə daxildir və 50,8 milyard dollarlıq dəyəri ilə ikinci yerdədir. Alman markası 54,1 milyard dollar dəyərində olan Toyota konsernindən sonra ikinci yeri tutur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.