Yarış bolidlərinin yaradılması üzrə ixtisaslaşmiş Dallara şirkəti, yeganə yol avtomobili olan Stradale spidsteri üçün EXP konversiya dəstini təqdim edib. Bu dəst spidsteri gücün və çəkinin ideal balansı olan mükəmməl trek alətinə çevirir, onun aerodinamikasını optimallaşdırır və avtomobili konkret trek üçün dəqiq tənzimləməyə imkan verir. Eyni zamanda, çəkinin gücə nisbəti baxımından Dallara Stradale EXP spidsteri 720 at qüvvəli Ferrari 488 Pista modelini geridə qoyur.

EXP qısaltması Dallara kontekstində EXPerience (səriştə), EXPeriment (təcrübə) , EXPonential (eksponensial artım), EXPertise (ekspertiza) mənasını verir

Konstruktiv olaraq, Dallara Stradale EXP versiyası adi spidsterdən fərqlənmir. İdman avtomobilinin əsasını, ikiqat köndələn qolları olan asqının bərkidildiyi qapısız monokok təşkil edir. Ön asqı monokoka birbaşa, arxa asqı isə alüminium alt çərçivə vasitəsi ilə bərkidilir. Bununla birlikdə, yandan qoşulan rezervuarları olan amortizatorlar trek üçün yenidən tənzimlənmiş  və yeni klapanlarla təchiz edilmişlər. Yaylar və tənzimlənən stabilizatorlar isə daha sərtləri ilə əvəzləniblər.

Ford Focus RS modelindən götürülmüş 2,3-litrlik turbomühərrik oturacaqların arxasında yerləşdirilib. Bosch şirkəti ilə birlikdə təkmilləşirilmiş aqreqat 500 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Adi spidsterdə bu mühərrik 400 at qüvvəsi və 500 Nm təklif edir. Aqreqat xüsusi olaraq onun üçün hazırlanmış turbokompressor, klassik vahid kütləli nazim-çarx, quru karterli yağlama sistemi və yarış avtomobillərinə xas olan giriş sistemi ilə təchiz edilib. Transmissiya sükanaltı dəstəkləri, ovr-rev (icazə verilən dövrələri aşmaqdan müdafiə) və anti-stall (mühərrikin sönməsinə mane olur) funksiyaları olan altı pilləli mexaniki qutudur.

Yaş və quru asfalt üçün fərdi rejimlərə sahib olan ABS və trəkşn-kontrol Bosch şirkəti tərəfindən hazırlanıb. Pit-leyn üçün tənzimlənən sürət məhdudlaşdırıcısı (40-80 km/saat) da var. Təhlükəsizlik baxımından Stradale EXP modeli FIA-nın texniki tələblərinə tam cavab verir. Barketta homoloqasiyadan keçmiş plastik yanacaq çəni, yanğınsöndürən, altınöqtəli təhlükəsizlik kəmərləri və aşma zamanı sürücünün başının müdafiəsi ilə təchiz edilib. Oturacaqlar, sükan çarxı və pedal qovşağı tez çıxarılandırlar.

Ən yüksək sürətdə 890 kiloqramlıq Stradale EXP barkettası 1250 kiloqram yerəbasma gücü hasil edir. Adi spidsterdə bu göstərici 820 kiloqramdır. Döngələrdə köndələn sürətlənmənin kəmiyyəti  2,7 g-yə çatır. Avtomobilin yaradılması zamanı, əvvəllər GT kateqoriyasında çıxış edən bolidlərdə və “Le Manın 24 saatı” marafonunda yarışan sportprototiplərdə sınaqdan keçirilmiş həllər tətbiq olunub. Məsələn, arxa diffuzor idman avtomobilinin altlığının yarısından çoxunu tutur və beş kanaldan ibarətdir. O, “qaz boynu” kronşteynlərində bərkidilmiş tənzimlənən antiqanad, spoyler və arxa qanadlardakı iki hava yönləndiricisi ilə ahəngdə işləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dallara Stradale EXP barkettasının sahibi karbonplastikdən və polikarbonatdan hazırlanmış kabin örtüyünü sifariş edə bilər. Detalın ağırlığı 35 kiloqramdan azdır. Bundan başqa, səksənə yaxın parametri emal edən telemetriya kompleksi, videogörüntünü trekin keçilmə məlumatları ilə real vaxt rejimində birləşdirən HD SmartyCam kamerası və şinlərdəki təzyiqə nəzarət sistemi də əlçatandır. Sonuncu sistem, eyni zamanda, şinlərin temperaturunu da ölçmək qabiliyyətinə malikdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.