Geely şirkəti yenilənmiş Coolray krossoverinin şəkillərini yayımlayıb. Bu krossover Çində Binyue adı ilə satılır. Çin markası yenilənmiş modelin yayın sonuna qədər yerli dilerlər salonlarında peyda olacağını vəd edib. Qeyd etmək gərəkdir ki, Geely Coolray bizim bazarda bir müddət bundan öncə debüt etsə də, vətənində 2018-ci ildən başlayaraq satılır. Buna görə də, krossoverin yenilənməsində təəccüblü bir şey yoxdur.

Yenilənmiş Binyue/Coolray modeli genişləndirilmiş hava girişləri və tünd boz rəngli X-şəkilli əlavəsi olan ön bamperə sahib olub. Radiator barmaqlığının konsentrik naxışını torşəkilli barmaqlıq əvəzləyib. Bundan əlavə, ön fənərlər və barmaqlıq artıq xrom zolaqla birləşdirilməyirlər.

Yeni arxa bamper iri diffuzoru təqlid edən elementi əldə edib. Binyue Pro  “idman” top versiyası indi beşinci qapının üst hissəsində quraşdırılan daha böyük arxa antiqanada sahib olub. Nəhayət, krossover animasiyalı dönmə siqnalları ilə təklif edilir: avtomobilin kilidini açıb-bağlayarkən belə işıqlar “qaçan xətt” rejimində işləyirlər.

Salonda baş vermiş dəyişikliklər çox deyil. Əsas yenilik multimedia sisteminin əvvəlki 10,25-düymlük ekranını əvəzləmiş 12,3-düymlük displeydir.

Bundan başqa, avtomatik transmissiyanın yeni selektoru quraşdırılıb, tərtibat materiallarının variantları yenidən nəzərdən keçirilib və genişləndirilmiş kontur işıqlandırması əlavə edilib. Yeni işıqlandırma 72 rəngə və musiqili işıq rejiminə malikdir.

Mühərrik çeşidindəki dəyişikliklər barədə heç bir məlumat yoxdur. Geely Binyue Çində iki mühərriklə təklif olunur. Birinci mühərrik, Çin markasının öz məhsulu olan 141 at qüvvəli 1,4-litrlik mühərrikdir. Bu aqreqat  mexaniki ötürmələr qutusu və ya altı pilləli preselektiv “robot” ilə təchiz edilə bilər. 

İkinci mühərrik, bizə yaxşı tanış olan 177 at qüvvəli 1,5-litrlik üçsilindrli Volvo turbomühərrrikidir. Bu mühərrik yalnız yeddi pilləli “robot” ilə tandemdə çalışır. Hibrid güc qurğusuna malik olan krossoverlərin yenilənməsi bir müddətdən sonra həyata keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Geely Binyue modelinin Çin bazarındakı satışlarına avqust ayında başlanmalıdır. Yenilənmiş Coolray modelinin bizim bazarda nə zaman debüt edəcəyi hələlik məlum deyil.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.