Continental şirkəti Genesis GV80 modeli üçün 3D eynək istifadə etmədən üç ölçülü şəkillərin təsvirləri əks etdirən virtual cihazlar panelini hazırlayır.

Belə görünür ki, Genesis markasının tarixindəki ilk krossover, üçölçülü cihazlar paneli ilə təchiz edilmiş ilk seriya avtomobili olacaqdır. Continental şirkətinin hazırladığı cihaz, üçölçülü görüntünü nümayiş etdirməyə qadir olacaqdır. Ən əsası isə, bu cihazlar panelindən istifadə etmək üçün 3D eynəyinə və ya digər devayslara ehtiyac olmayacaqdır. Bunun əldə edilməsi üçün paralaks effektindən istifadə edilir: əslində, cihazlar panelindəki görüntü bir-birinə münasibətdə sürüşdürülmüş iki şəkilə bölünür - onlardan biri sürücünün sol, digəri isə sağ gözü üçün nəzərdə tutulur.

Bu sistemin məcburi elementlərindən biri, sürücünün baxışının istiqamətini izləyən və gözlərin hərəkəti zamanı üçölçülü effektin yox olmaması üçün görüntünü avtomatik şəkildə tənzimləyən xüsusi kameradır. Eyni zamanda, Continental nümayəndələri ön paneldəki bütün ekranları əvəz edəcək və genişləndirilmiş imkanlara malik olacaq yeni nəsil 3D-displey üzərində çalışdıqlarını açıqlayıblar. Məsələn, displey virtual obyektləri sizin istəklərinizə uyğun tərtib etməyə və ya onları bloklar şəklində cəmləşdirməyə imkan verəcəkdir.